Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı Vətən müharibəsinin şəhidi əsgər Elfak Daşdəmirovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib

Qazaxda icra başçısı Vətən müharibəsinin şəhidi əsgər Elfak Daşdəmirovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib


26-04-2021, 20:35


Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan Vətən müharibəsində "Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Və bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.

İllər ötsə belə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, o cümlədən 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımız hər zaman yad olunacaqdır. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur.

44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid əsgər Daşdəmirov Elfak Eltun oğludur.

Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşan, Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxan Elfak Daşdəmirovun bu gün yaşasaydı 25 yaşı tamam olacaqdı. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü, yubiley yaşını bu gün ailəsi ilə bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir. 

Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalan 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış əsgər Elfak Daşdəmirovun da doğum gününü unutmayıb. İcra başçısı şəhidimizin doğulduğu Fərəhli kəndinə gələrək igid Vətən oğlunun 25 yaşını məzarı başında ailəsi ilə birlikdə qeyd edib.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Teybə Hüseynova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhidimizin vaxtilə oxuduğu Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin direktoru Ramin Həsənov, ibtidai sinif müəllimi Aynurə Alıyeva və ailə üzvləri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.

Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar Elfak Daşdəmirovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.




Elfak Daşdəmirov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını söyləyən icra başçısı Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elfakın xatirəsinin hər zaman əziz tutulacağını bildirib.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Elfak kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Elfakın təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb.

Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün nümunə olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını qeyd edib. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Bu gün mən də özümə borc bildim ki, qəhrəman şəhidimizin doğum gününü sizlərlə birlikdə qeyd edim” - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də məhz bu amala xidmət etdiyini qeyd edib.  



Şəhid atası Eltun Daşdəmirov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Elfakın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu Elfakla və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.

Şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlu


Şəhid Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2011-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. 2017-2018-ci illərdə Azərbaycan Respublikası Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. "N” saylı hərbi hissənin baş atıcısı hərbi vəzifəli əsgərElfak Daşdəmirov 26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə Qazax rayon Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.


Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Elfak Daşdəmirov da medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Elfak Daşdəmirovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Məzarında rahat uyu, ruhun şad olsun, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır.






GOYEZEN.AZ


Geri qayıt