Əsas Səhifə > Manşet / Qazaxı tanıyaq > Qazaxda Aprel şəhidi Orxan Əliyevin ailəsi ziyarət olunub

Qazaxda Aprel şəhidi Orxan Əliyevin ailəsi ziyarət olunub


3-04-2021, 21:34


Aprel döyüşləri! Azərbaycan xalqını Böyük Qələbəyə aparan qalibiyyətimizin, zəfər salnaməmizin başlanğıcı! 2016-cı ilin Aprel döyüşlərindən 5 il ötməsinə baxmayaraq xalqımız həmin döyüşdə qazandığımız qələbəni bu gün də qürur hissi ilə xatırlayır. Çünki Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət daşıdı.

Bəli, bu gün qürur hissi ilə söyləyə bilərik ki, dövlətimizin başçısının da dediyi kimi, Aprel döyüşləri 5 il öncə Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz həmin təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə layiqli yerini göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasının ikiqat sevincini yaşayır.

Aprel döyüşlərində qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Həmin döyüşlər zamanı Qazaxın üç mərd, igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu Şəhidlik zirvəsinə ucaldı. Bu gün igid oğullarımızın yoxluğundan bizləri 5 il ayırır. İllər ötsə belə onlar bizim qəlbimizdə ən ülvi hisslərlə yad edilirlər.

Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidimiz Əliyev Orxan Məhəmməd oğlunun xatirəsi də hər zaman əziz tutulur. Rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsi daim diqqət mərkəzində saxlanılır, igid vətən oğlunun doğum və anım günlərində məzarı və ailəsi ziyarət edilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova Orxan Əliyevin şəhadətinin 5-ci ildönümü münasibətilə şəhidimizin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olub, ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdıraraq şəhidimizin əziz xatirəsini dərin ehtiramla anıblar. Şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Tarixə "dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşlərinin gənclərin hərbi vətənpərvərlik ruhunu, xalqımızın böyük qələbəyə inamını daha da artırdığını qeyd ediblər. Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini, 30 illik həsrətə 44 gündə son qoyulduğunu bildiriblər. Azərbaycan xalqı və dövləti var olduqca istər Aprel döyüşündə, istər Vətən müharibəsində, istərsə də torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, xatirələrinin hər zaman əziz tutulacağını söyləyiblər. Orxan Əliyev kimi qəhrəman oğullarımızla hər bir azərbaycanlının fəxr etdiyini diqqətə çatdırıblar.

Şəhidimizin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb. Bu gün övladı Orxanın, eləcə də bütün şəhidlərimizin qisasının alındığını və ruhlarının şad olduğunu qürur hissi ilə söyləyib.


Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə  getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır.

GOYEZEN.AZ


Geri qayıt