Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda daha bir Vətən müharibəsi şəhidinin doğum günü ailəsi ilə birlikdə qeyd olunub
Qazaxda daha bir Vətən müharibəsi şəhidinin doğum günü ailəsi ilə birlikdə qeyd olunub2-04-2021, 20:35 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------
Bu gün fəxrlə söyləyə bilərik ki, 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma Qarabağı qaniçənlərdən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi və bu yolda bir yumruq tək birləşdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi yaddaşlara yazıldı. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. İllər ötsə belə 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur. 44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid gizir Məmmədov Amid Müqabil oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Amid Məmmədovun bu gün 34 yaşı tamam olur. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü ailəsi ilə bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir. Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir. Öz ənənəsinə sadiq qalan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış gizir Məmmədov Amid Müqabil oğlunun da doğum gününü unutmayıb. İcra başçısı Xanlıqlar kəndinə gələrək ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən 2 medalla təltif edilmiş igid Vətən oğlunun 34 yaşını ailəsi ilə birlikdə qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçiləri Gülnar Quluyeva, Teybə Hüseynova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev və şəhidimizin ailə üzvləri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar Amid Məmmədovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı Amid Məmmədov kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Amidin xatirəsinin daim əziz tutulacağını bildirib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Amid Məmmədov kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Amidin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Bu gün mən də özümə borc bildim ki, qəhrəman gizirimizin doğum gününü sizinlə birlikdə qeyd edim” - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva millət vəkilinin səmimi ürək sözlərini çatdırıb, şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.
Şəhid atası Müqabil Məmmədov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. "Oğlum Amid hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Şəhidimizin anası Esmira Məmmədova da hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Amidin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Şəhid gizir Məmmədov Amid Müqabil oğlu Şəhid Amid Məmmədov 2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2005-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2007-ci ildə isə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Sonra 2012-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik məktəbini oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etmişdir. "N” saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri-döyüş maşınları heyətinin rəisi omuşdur.
Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Amid Məmmədov Vətən müharibəsindən öncə görmüşdü müharibəni, onun od-alovunun içərisindən keçmişdi düz 5 il bundan əvvəl. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda gedən vuruşmada fəal iştirak etmiş, sol qolundan yaralanmışdı. Onu da qeyd edək ki, döyüşdə yaralanmasını ailəsinə bildirməmiş, sağalandan sonra hərbi xidmətini davam etdirmişdir. Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Amid Məmmədov əsl igidlik göstərmiş, qəhrəmanlıqla dolu bir döyüş yolu keçmişdir. Vətən müharibəsi başlayan ilk gündən döyüşə atılmış, bu zaman idarə etdiyi Piyadaların Döyüş Maşını (PDM) Füzuli istiqamətində minaya düşmüşdür. Amid Məmmədov yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməmiş, yeni texnika ilə təmin olunaraq döyüşü axıra qədər davam etdirmişdir.
Amid Məmmədovun bir özəlliyi də ondadır ki, Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı dediyi "Erməniləri iti qovan kimi qovacağıq" ifadəsinə uyğun olaraq idarə etdiyi PDM-ə "İti qovan kimi" sözlərini yazaraq döyüşə girmişdir. Amid Məmmədov 03.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 4 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Nisə və Esmira adlı iki azyaşlı qız övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan gizirimizin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid gizirimiz ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bu gün Amid Məmmədov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də Amid Məmmədovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Qazaxımızın igid oğlu!. GOYEZEN.AZ Geri qayıt |