Hörmətli həmvətənlər!
Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik
edir, hamınıza cansağlığı və səadət arzulayıram.
Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi
nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan
xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə
milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna
yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri
çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər
mədəniyyətinə töhfəsidir.
Yaz bayramının Odlar diyarına builki gəlişi xüsusən
əlamətdardır. Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə
qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş
edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan
aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli
torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən
təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin
təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı
Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.
Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə
yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə
canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz
xatirəsini dərin ehtiramla yad edirik.
İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə
nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi
artıran yeniləşdirici ab havası
ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı
sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa
müddətdə dirçəldəcəyik.
Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bu bayram
öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!
Novruz bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 mart 2021-ci il.
Geri qayıt
|