Əsas Səhifə > Manşet / Təhsil > Türkiyə-Azərbaycan strateji əməkdaşlığı yeni müstəvidə
Türkiyə-Azərbaycan strateji əməkdaşlığı yeni müstəvidə2-03-2021, 20:03 |
44 günlük Vətən müharibəsində parlaq qələbəmizdən sonra ölkəmiz yeni dövrə qədəm qoyub. İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb. Əsas hədəf ölkə Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsi istiqamətində ilkin kontraktlar imzalanıb. Şübhəsiz ki, bu müqavilələri reallaşdıracaq Azərbaycanın ilkin tərəfdaşları sırasında türk şirkətləri ilk yerlərdə dayanır. Buna qədər də türk şirkətləri respublikamızın iqtisadi inkişafında önəmli rol oynayıb. Türkiyənin özəl qurumları tərəfindən Azərbaycanla indiyədək 400-dən çox layihə həyata keçirilib. Bu şirkətlərin bir hissəsinin hazırda Qarabağın bərpası və yenidən qurulması prosesində azərbaycanlı iş adamları ilə sıx əməkdaşlıq şəraitində çalışmaları da onların qardaş dəstəyinin bariz ifadəsidir. Zəfər yolu adlanan Füzuli-Şuşa yolunun, həmçinin Toğana-Kəlbəcər magistralının tikintisi sürətlə aparılır. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulur. Ümumiyyətlə, bərpa işlərinin layihələrində türk şirkətlərinin fəal iştirakı üçün əlverişli şəraitin yaradılması daim diqqətdə saxlanılır. Azərbaycan tərəfindən artıq 3+3 formatında yeni regional əməkdaşlıq platformasının irəli sürülməsi və bu platformanın mühüm tərkib hissəsinin də Naxçıvandan keçməklə Azərbaycan və Türkiyəni birləşdirəcək yeni dəhliz olacağı diqqət çəkir. Naxçıvan ilə digər bölgələrimiz arasında planlaşdırılan dəhlizin açılması Türkiyənin fəal iştirakı ilə Azərbaycanı Mərkəzi Asiya regionunda önəmli logistik mərkəz kimi tanıdacaq. Bu baxımdan nəqliyyat və tranzit sektoru Azərbaycan və Türkiyənin ikitərəfli əməkdaşlığında mühüm sahələrdəndir. Bu gün Türkiyə tərəfi ilə həmin sahələrlə bağlı ciddi layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılır. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşlarının 11 milyard ABŞ dolları, Azərbaycandan Türkiyəyə sərmayə yatırımlarının isə 19,5 milyard ABŞ dolları təşkil edir. Heç şübhəsiz ki, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafı bütün sahələrdə özünü daha qabarıq büruzə verir. Ölkələrimiz arasında ticarət dövriyyəsi, sərmayə qoyuluşu xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına geniş imkanlar yaradır. Bütün bu əlaqələrin genişlənməsi, Türkiyə-Azərbaycan dövlətlərinin qardaşlığı ictimaiyyət nümayndələri, eləcə də biz ziyalılar tərəfindən yüksək qiymətləndirilir. Ən əsası da ziyalılar olaraq bu qardaşlığı və əməkdaşlığı birmənalı şəkildə dəstəkləyirik. Məmməd YUSİFOV, Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, fizika–riyaziyyat elmləri namizədi, dosent Geri qayıt |