Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkilib
Qazaxda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkilib28-02-2021, 12:52 |
Respublika mətbuatı Qazax haqqındaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Qazax rayonunda ağacəkmə aksiyası təşkil olunub. Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində keçirilən aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində (sağ tərəfdə) 613 ədəd ərik ağacı əkilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, gənclərin və kənd sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib. İlk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı - XX əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib. Vəli VƏLİYEV, "Respublika”qəzetinin bölgə müxbiri 28 fevral 2021-ci il
Geri qayıt |