Fevralın
23-də Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən
"Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Qazax rayonunda ağacəkmə
aksiyası təşkil olunub.
Xocalı
soyqırımının 29-cu ildönümü ərəfəsində keçirilən aksiya zamanı Xocalı soyqırımı
qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisindən
keçən hissəsində (sağ tərəfdə) 613 ədəd ərik ağacı əkilib.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, gənclərin və kənd sakinlərinin iştirakı
ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub. Əkilən
ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı
işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş
soyqırımı cinayətlərinin ən dəhşətlisidir. 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı
yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli
mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı
qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 132 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc
sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150
nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
İlk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən
siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir. Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində
görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya
miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam
Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru,
Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin
müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı
olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya,
Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının
20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi
qiymətləndirərək qətiyyətlə pisləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci
ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə
yad edilib. Yürüşdə "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya
ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı - XX
əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və
şüarlar nümayiş etdirilib.
GOYEZEN.AZ
Geri qayıt
|