2020-ci il Azərbaycan tarixində erməni
işğalçılarına qarşı Vətən müharibəsində qazandığımız böyük hərbi Zəfərlə
unudulmaz iz qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə xalqımızın mərd oğulları düşməni döyüş
meydanında məğlub edərək şəhidlərimizin qanı tökülən müqəddəs torpaqlarımızın
işğalına və 30 illik həsrətə son qoydular.
44 günlük
Vətən müharibəsində canından keçərək Şəhidlik
zivəsinə ucalan və daim qəlbimizdə yaşayan igid oğullarımızdan biri də şəhid müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
(MAHHXHQ), əsgər Nəsibov Elməddin Yusif oğludur.
Bu gün igid Vətən oğlunun övladı Nəzrin
Nəsibovanın 11 yaşı tamam olur.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə,
onların ailələrinə göstərdikləri diqqət və qayğı Qazaxda hər zaman örnək
götürülür.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə
daim qayğı ilə yanaşan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz qayğısını bu gün də əsirgəmir.
Rayon rəhbərliyi tərəfindən əsası qoyulan ənənə bu gün də davam etdirilir. Əlamətdar
günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrinin və məzarlarının
ziyarət olunması unudulmur.
Rayon rəhbəri Vətən müharibəsinin şəhidi Elməddin Nəsibovun övladının
doğum gününü də unutmadı. Bu gün 11 yaşını qeyd edən Nəzrin balamızı tək
qoymadı. Rayon rəhbərliyinin
tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Gulaya Həsənova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov Ağköynək kəndində şəhidimizin evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd
ediblər. Şəhidimizin ilk övladı olan Nəzrinə hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə
Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid Vətən oğlunun əziz xatirəsini
dərin ehtiramla yad ediblər.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük
Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən
söz açaraq həmin qələbədə Elməddin Nəsibov kimi igid oğullarımızın payı
olduğunu bildirib. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr
etdiyini, Azərbaycan xalqı var olduqca Elməddin kimi igid oğullarımızın daim
qəlblərdə yaşayacağını qeyd edib. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon
rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan
sonra da davam etdiriləcəyini söyləyib.
Qazax
RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov şəhidimizin övladını təbrik edərək onun hər birimizin övladı
olduğunu bildirib. Şəhidlərimizin, qazilərimizin bir amal uğrunda – gələcək nəsillər
firəvan yaşasın deyə, torpaqlarımız düşmən tapdağından azad olunsun deyə
vuruşduqlarını qeyd edib. "Şəhidlərimizin övladları onların bizlərə əmanətidir.
Onlara bizlər sahib çıxmalıyıq”, - deyən S.Çobanov dövlətin hər zaman olduğu
kimi, bundan sonra da onların yanında olacağını vurğulayıb. Ölkə başçısının müvafiq
Fərmanı ilə rəhbəri olduğu yeni yaradılan şöbənin də məhz şəhidlərimizin, qazilərimizin
qayğılarının öyrənilməsinə və həllinə xidmət edəcəyini qeyd edib.
Şəhidimizin həyat
yoldaşı Aksana Nəsibova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə
onun təbrik olunmasını, ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını Elməddinin
simasında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə
Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon
Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş,
2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Orta təhsilli idi.
2001-ci ilin oktyabr ayında Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan
Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə
çağırılmış, 2003-cü ilin aprel ayında isə tərxis olunmuşdur. 12 may
2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək "N” saylı hərbi hissədə "Pulemyot
manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N”
saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. "N” saylı hərbi
hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində
Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu
29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn
olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qız övladı yadigar qalıb. Böyük
qızı Nəzrin Ağköynək kənd tam orta məktəbin V, kiçik qızı Nigar isə II sinif
şagirdidir.
Bütün şəhidlərimiz
kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən
yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin
də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ
Geri qayıt
|