Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı bu gün Vətən müharibəsi şəhidinin 30 yaşını ailəsi ilə birlikdə qeyd etdi

İcra başçısı bu gün Vətən müharibəsi şəhidinin 30 yaşını ailəsi ilə birlikdə qeyd etdi


28-01-2021, 14:05


Şanlı tarixi Qələbəmizdən xeyli vaxt keçsə də Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Başlanğıcını 27 sentyabrdan götürüb 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatan Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizə görə qürur hissi keçirir. Ona görə fəxr edir ki, cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında tarixi ədaləti bərpa etdilər. Ölkə Prezidentinin "Qarabağ Azərbaycandır!” fikrini əldə rəhbər tutan igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə yeni salnamə yazdılar. Eyni zamanda bütün dünyaya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdilər.

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də baş gizir Hacıyev Teymur Zaur oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Teymur Hacıyevin bu gün 30 yaşı tamam olur. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü ailəsi ilə bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir.  



Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Qazaxda da hər zaman örnək və nümunə götürülür. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən bu təbəqədən olan insanlar daim diqqət mərkəzində saxlanılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində şəhidlərimizin ailələrini, məzarlarını ziyarət etməsi artıq bir ənənə halını alıb. İlk gündən əsası qoyulan bu ənənə bu gün də davam etdirilir.

Öz ənənəsinə sadiq qalan rayon rəhbərliyi 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun doğum gününü də unutmadı. İcra başçısı bu gün Vətən müharibəsi şəhidinin 30 yaşını ailəsi ilə birlikdə qeyd etdi.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Teybə Hüseynova, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, qazi Samir Çobanov, şəhidimizin ata və anası, ailə üzvləri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib.







Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri Teymur Hacıyevin ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Teymur Hacıyev kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. İcra başçısı qeyd edib ki, nə qədər ki, Azərbaycan xalqı var Teymur kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək.

"Teymur təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğludur. Teymur kimi oğullarımızın döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq sayəsində bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü. Bu gün hər birimiz qazandığımız böyük Zəfərə görə canından keçərək Şəhidlik zirvəsinə ucalan Teymur kimi oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə minnətdarıq. Onları yaşatmaq və gələcək nəsillərə tanıtmaq hər birimizin borcudur. Özümə borc bildim ki, Teymurun doğum gününü sizinlə birlikdə qeyd edim”, - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Zaur Hacıyev Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Oğlu Teymurun ata ocağında iki oğul övladının böyüdüyünü və onların atalarının adına layiq şəkildə böyümələri üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. "Oğlum Teymur hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini bir daha dilə gətirib.

Z.Hacıyev şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Teymurun simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.






Şəhid Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1–ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır. "N” saylı hərbi hissənin baş çavuşu baş gizir Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. 

Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

GOYEZEN.AZ


Geri qayıt