Əsas Səhifə > Manşet / Səhiyyə > İcra başçısı rayonda COVID-19-a qarşı başlanılan vaksinasiya prosesinin mövcud vəziyyəti və yaradılan şəraitlə tanış olub

İcra başçısı rayonda COVID-19-a qarşı başlanılan vaksinasiya prosesinin mövcud vəziyyəti və yaradılan şəraitlə tanış olub


22-01-2021, 16:22


Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, ölkəmizdə koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə əhalinin vaksinasiya prosesinə başlanılıb.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax Rayon Mərkəzi Xəstəxanasında da əhalinin COVID-19-a qarşı vaksinasiya prosesi aparılır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Rayon Mərkəzi Xəstəxanasında olub, vaksinasiya prosesinin mövcud vəziyyəti və yaradılan şəraitlə maraqlanıb.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova rayonda vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağının, 1 qeydiyyat otağının, 3 xüsusi peyvənd otağının, 2 nəzarət otağının, 1 təcili tibbi yardım otağının ayrıldığını qeyd edib. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradıldığını diqqətə çatdırıb.

 

Baş həkim hazırda rayonda vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçilərinin peyvənd olunduğunu söyləyib. Daha sonra isə yaşı 50–dən yuxarı olan rayon sakinlərinin könüllülük əsasında peyvəndlənəcəklərini bildirib.

Mövcud vəziyyətlə tanış olan rayon rəhbərliyi işlərin yüksək səviyyədə həyata keçirilməsini, bunun üçün bütün lazımi tədbirlərin görülməsini qeyd edərək aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün onu da qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.



 



GOYEZEN.AZ


Geri qayıt