Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən uğrunda canından keçən şəhidimiz Fidat Məmmədovun əziz xatirəsini ehtiramla yad edirik

Vətən uğrunda canından keçən şəhidimiz Fidat Məmmədovun əziz xatirəsini ehtiramla yad edirik


5-01-2021, 14:25

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. İstər yeraltı, istər yerüstü sərvətlərimiz, bol-bərəkətli torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu torpağın yetirdiyi igid oğul və qızları qanları hesabına olsa da Vətənimizi göz bəbəyi kimi qoruyaraq bizlərə ötürmüşdür. O Vətən ki, hər qarışı bizim üçün sərvətdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gələcək nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Torpaq uğrunda ölümü gözə alaraq döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək ehtiramlarını bildirirlər.


Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb anım günü olan şəhidlərimizdən Məmmədov Fidat Əhməd oğlunun əziz xatirəsini dərin ehtiramla yad edirik. 

Şəhid Fidat Məmmədov 5 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin son aylarında Əfqanıstanda gedən döyüşlərdə iştirak etmişdir. Göstərdiyi igidlik müvafiq medallarla qiymətləndirilmişdir.

1980-1981-ci illərdə Bakıda 6 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəliydi, 1 qız, 2 oğul yadigar qalıb.

Vətən uğrunda canından keçən şəhidimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.

Bu gün doğulduğu Daş Salahlı kəndində mərkəzi küçə şəhid Fidat Məmmədovun adını daşıyır və küçənin mərkəzində barelyefi vurulub.

Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik!




Geri qayıt