Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------------------
Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci
Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq
dastanı yazdı. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün
bütün qüvvəsi ilə səfərbər oldu və sonunda Böyük Qələbə qazandı. Azərbaycanın igid
övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni
torpaqlarımızdan qovdular. Cəsur Vətən oğulları
doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq
nümunəsi göstərdilər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına
döyüşərək şəhid olan igidlərimizdən biri də Həsənov Babək Saleh oğludur.
Şəhid Babək Həsənov
14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan
olmuşdur. 1996-cı ildə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam
orta məktəbin I sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.
2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi
xidmətə çağırılmış, 2009-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin
"N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Ölkə Prezidentinin "Azərbaycan
Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına
əsasən 2020-ci il oktyabr ayının 26-da Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb
olunmuşdur. Babək Həsənov Füzulinin, Cəbrayılın, Qubadlının,
Laçının alınması uğrunda gedən döyüşlərdə iştirak etmış, şücaət göstərmişdir. 04.11.2020-ci il tarixdə Laçın rayonu istiqamətində
torpaqlarımızın
azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuşdur. 05.11.2020-ci
il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn
edilmişdir. Ailəliydi. Əfsanə adlı 1 azyaşlı qız övladı yadigar qalıb.
Vətən uğrunda
canından keçən şəhidimizin döyüş meydanında göstərdiyi igidlik Ali Baş Komandan
İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Babək Həsənov ölümündən
sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il
tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Bu gün
Babək Həsənov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də
bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad
etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də Babək
Həsənovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında
baş əyirik. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.
GOYEZEN.AZ
Geri qayıt
|