Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsində torpaqlarımızın bütövlüyü üçün canından keçən qazaxlı şəhid Niftalı Qocayev

Vətən müharibəsində torpaqlarımızın bütövlüyü üçün canından keçən qazaxlı şəhid Niftalı Qocayev


3-01-2021, 15:25

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən müharibə - İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tarixi Qələbəsi ilə başa çatdı. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldular və öz adlarını da tarixə əbədi yazdılar.

Düşmən üzərində möhtəşəm qələbə qazanmaq naminə Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid Qocayev Niftalı Zakir oğludur.


Şəhid Niftalı Qocayev 20 noyabr 1994-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin XI sinfini bitimişdir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2014-cü ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 01.11.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid Niftalı Qocayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Niftalı Qocayev də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.

 

GOYEZEN.AZ


Geri qayıt