Əsas Səhifə > Manşet / Şəhidlər > Ölümündən sonra üç medalla təltif olunan qazaxlı şəhid Merik Mustafayevin əziz xatirəsini ehtiramla yad edirik

Ölümündən sonra üç medalla təltif olunan qazaxlı şəhid Merik Mustafayevin əziz xatirəsini ehtiramla yad edirik


1-01-2021, 15:45

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü tam təmin etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək xalqımıza böyük tarixi Qələbəni bəxş etdilər. Azərbaycan dövlətinin və şanlı ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Vətən müharibəsində qazandığımız Qələbədə payı olan igid oğullarımızdan biri də 25 yaşlı şəhid əsgər Mustafayev Merik Musa oğludur.


Şəhid Merik Mustafayev 5 noyabr 1995-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Birinci Şıxlı kənd ümumi orta məktəbin I sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin IX sinfini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2015-ci ildə isə tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. "N” saylı hərbi hissənin atıcısı hərbi vəzifəli əsgər Merik Mustafayev 26.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.

Bütün şəhidlərimiz kimi Merik Mustafayevin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid əsgərimizin də adı var. Merik Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə fərqlənməyə görə”  25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsi olmalıdır. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyirik. Ruhu qarşısında baş əyirik.



GOYEZEN.AZ


Geri qayıt