Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazi: “Hal-əhvalımla maraqlanmağınız hər cür məlhəmdən üstündür”
Qazi: “Hal-əhvalımla maraqlanmağınız hər cür məlhəmdən üstündür”31-12-2020, 21:55 |
Respublika mətbuatı Qazax haqqında
O, Vətən müharibəsində yaralanıb qayıtdı. Lakin dönə-dönə deyir ki, Ali Baş Komandanın "İrəli”əmrini hər zaman yerinə yetirməyə hazırdır. Qeyd edir ki, evimə gəlib hal-əhvalımla maraqlanmağınız mənə hər cür dava-dərmandan, ən qiymətli məlhəmdən belə üstündür. Bu sözləri Qazaxın sərhəd kəndi olan Kəmərlidə qazi Elçin Mustafayev Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova deyib. Qeyd edək ki, hazırda öz evində müalicə alan E.Mustafayev bu ilin sentyabr ayının 21-dən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub və təlimlərə qatılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmanlıqla vuruşan Elçin Mustafayev həmin savaşdan qazi kimi geri dönən oğullarımızdan biridir. O, noyabrın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə sağ ayağın bud sümüyü və baş nahiyəsindən güllə yarası alıb. Yaralıya ilkin tibbi yardım Füzuli Rayon Mərkəzi Xəstəxanasında göstərilib və elə həmin gün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. İndi isə müalicəsini ev şəraitində davam etdirir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH aparatının məsul işçiləri ilə birlikdə Elçin Mustafayevi evində ziyarət edib. Yaralımızın səhhəti, problemləri və qayğıları ilə maraqlanan rayon rəhbəri Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu bildirib, yaralı əsgərin tezliklə sağalmasını arzulayıb. Rəcəb Babaşov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə daim yüksək diqqət və qayğı göstərir. Rayon rəhbəri Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində şücaət göstərən Elçin kimi vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləyib. "Siz 27 ilin həsrətinə 44 gündə son qoydunuz” deyən Rəcəb Babaşov bu tarixi Qələbəyə görə Ali Baş Komandana və Elçin kimi oğullarımıza borclu olduğumuzu bir daha qeyd edib. Qazinin anası Sevinc Mustafayeva deyib ki, övladının Vətən müharibəsində iştirak etməsi ilə bir ana kimi fəxr edir. O, övladlarına, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə dərin təşəkkürünü bildirib. Məlumat üçün bildirək ki, yaralının qardaşı Elvin Mustafayev də hazırda Beyləqan rayonunda "N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdədir. Hamlet QASIMOV, "Xalq qəzeti”nin bölgə müxbiri 31 dekabr 2020-ci il
Geri qayıt |