Əsas Səhifə > Manşet / Təhsil > Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazax rayonunda olmuşdur

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazax rayonunda olmuşdur


1-09-2016, 23:00
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazax rayonunda olmuşdur
Respublika Prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı hesab edilmişdir. Bununla əlaqədar olaraq BDU-nun rektoru, akademik Abel Məhərrəmov ikinci dəfə Qazax rayonunda olmuşdur.

Əvvəlcə BDU-nun Qazax filialının yeni tədris korpusunun, tələbə qızlar və oğlanlar üçün yataqxana binalarının tikintisi üçün nəzərdə tutulmuş əraziyə baxış keçirilmişdir.

Sonra universitetin rektoru, akademik Abel Məhərrəmov BDU-nun Qazax filialının müəllim və tələbə kollektivi ilə görüş keçirmiş və filialın yeni təyin olunmuş direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin təqdimatı olmuşdur.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək universitetin tarixindən, tələbə, müəllim kontingentindən, universitetin iş prinsipindən danışmış və yeni yaradılmış filialın da Bakı Dövlət Universiteti səviyyəsində inkişafı üçün lazımi işlərin görüləcəyini qeyd etmişdir. Qazax rayonunda universitetin inkişafı üçün lazımi şəraitin yaradılmasına dəstək olan Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova minnətdarlığını bildirmişdir.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax fililalı olması ilə əlaqədar verdiyi sərəncamla bağlı rayon ictimaiyyəti və ziyalılar adından dövlət başçısına minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, Ölkə Prezidentinin sərəncamı qazaxlılar tərəfindən yüksək dəyərləndirilir. Dövlət Başçısının bu sərəncamı Qazax ziyalılarına verilən dəyərin, göstərilən diqqət və qayğının töhfəsi kimi qiymətlədirilir. R.Babaşov çıxışı zamanı filialın maddi texniki bazasının qurulması, genişləndirilməsi üçün lazımi köməkliklərin göstəriləcəyini də qeyd etmişdir.

Sonda filialın yeni təyin olunmuş direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev çıxış edərək ona göstərilən etimada görə ölkə rəhbərliyinə, Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarova və Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova dərin minnətdarlığını bildirmiş və ona göstərilən bu etimadı layiqincə doğruldacağını vurğulamışdır.

Elçin İSMAYIL
Geri qayıt