Əsas Səhifə > Manşet / Şəhidlər > 25 yaşında Vətən müharibəsində şəhid olan qazaxlı gizir İlkin Şükürov

25 yaşında Vətən müharibəsində şəhid olan qazaxlı gizir İlkin Şükürov


27-12-2020, 13:49

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


27 sentyabrdan başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Haqq səsimizi bütün dünyaya çatdıran Vətən müharibəsində, İkinci Qarabağ savaşında ordumuzun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları əsl qəhrəmanlıq göstərərək Azərbaycan Ordusunun gücünü, qüdrətini düşmənlə yanaşı, bütün dünyaya göstərdilər. Ali Baş Komandanın ətrafında yumruq tək birləşib Onun "İrəli!” əmrini layiqincə icra etdilər. Qazax rayonundan olan igid oğullarımız da İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə qəhrəmancasına mübarizə apardılar.

Böyük tarixi Qələbənin qazanılmasında igidlik göstərən və torpaqlarımızın azad olunmasında qəhrəmancasına şəhid olan oğullarımızdan biri də gizir Şükürov İlkin Aslan oğludur.


Şəhid İlkin Şükürov 27 avqust 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2001-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin IX sinfini bitirmişdir. 2016-cı ildə eksternant qaydada imtahan verərək həmin məktəbin XI sinfini bitirmişdir. 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2015-ci ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında gizir rütbəsində xidmət etmişdir. 25 yaşlı gizirimiz 14.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Azərbaycan xalqını 30 ildən sonra həsrətində olduğu torpaqlara qovuşduran, işğaldan azad edilən şəhərə, qəsəbəyə, kəndə üçrəngli bayrağımızı sancan igid Vətən oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Ölkə başçısı hər bir əsgər və zabitimizi orden və medallarla təltif etdi. Gizir İlkin Şükürov da təltif olunanlar arasındadır.  O, cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İlkin Şükürov kimi igid Vətən oğulları hər birimiz üçün örnəkdir. Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq üçün, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə hər bir azərbaycanlı fəxr edir, edəcək də... Azərbaycanın bugünkü nəsli gələcək nəsilləri  İlkin Şükürov kimi şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklərRuhun şad, məkanın cənnət olsun Şəhidim. Əziz xatirəni ehtiramla yad edərək ruhun qarşısında baş əyirik...

GOYEZEN.AZ


Geri qayıt