Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmış Elçin Mustafayevi ziyarət edib

İcra başçısı cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmış Elçin Mustafayevi ziyarət edib


7-12-2020, 12:51


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ail Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları zamanı Azərbaycanın əsl hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında bütün dünyaya təkcə öz gücünü göstərmədi, eyni zamanda erməni ordusu haqqında uydurulan yalançı mifləri alt-üst etdi. Bu haqq savaşında Ali Baş Komandan böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi Qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl dövlət-xalq birliyini nümayiş etdirdi. "Qarabağ Azərbaycandır!” söyləyən igid Vətən oğullarının şanlı Zəfərlə qayıdacaqları günü hər kəs böyük ruh yüksəkliyi ilə gözlədi. Və nəhayət hərb tariximizə Vətən müharibəsi kimi yazılan savaş 27 sentyabrdan başladı və 10 noyabrda böyük Qələbə ilə başa çatdı.
Bu gün hər birimiz torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində iştirak edən və Qələbədə payı olan oğullarımızdan biri də Mustafayev Elçin Əhməd oğludur. O, 3 noyabr 2000-ci ildə Qazax rayonunun sərhəd kəndi olan Kəmərlidə anadan olub. Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbi bitirib. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-dən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub və təlimlərə qatılıb. 27 sentyabrda başlayan Vətən müharibəsində qəhrəmanlıqla vuruşan Elçin Mustafayev həmin savaşdan qazi olaraq geri dönən oğullarımızdan biridir. O, 9 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə sağ ayağın bud sümüyü və baş nahiyyəsindən güllə yarası alıb. Yaralıya ilkin tibbi yardım Füzuli Rayon Mərkəzi Xəstəxanasında göstərilib və elə həmin gün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Səhhəti ilə əlaqədar məzuniyyətdə olan Elçin müalicəsini ev şəraitində davam etdirir.
Rəhbər kimi təyin olunduğu ilk vaxtdan şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə qayğı göstərməyi hər zaman özünə borc bilən rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq yaralılarımızı ziyarət edir, qayğıları ilə maraqlanır.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Elçin Mustafayevi evində ziyarət edib. Yaralımızın səhhəti və qayğıları ilə maraqlanan icra başçısı Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edib. Yaralımıza tezliklə sağalmasını arzulayıb. Ölkə Prezidentinin də vurğuladığı kimi, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Rayon rəhbəri Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Elçin kimi vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləyib. "27 ilin həsrətini 44 günə bitirdiniz”, - deyən rayon rəhbəri bu tarixi Qələbəyə, böyük Zəfərə görə Ali Baş Komandana və Elçin kimi oğullarımıza borclu olduğumuzu bir daha qeyd edib.
Vətən uğrunda gedən döyüşlərdə yaralanan Elçin Mustafayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu bildirib. O, yaralansa belə düşməndən qisasını aldığını söyləyir. Döyüş yoldaşları ilə birlikdə bir amal uğrunda – torpaqlarımızı işğaldan azad etmək, düşmənə layiq olduqları yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur hissi ilə danışır.
Yaralımızın anası Sevinc Mustafayeva oğlu ilə hər dəfə danışarkən Elçinin yaxşı olduğunu, döyüşdən qələbə ilə qayıdacağını söylədiyini bildirir. Sonuncu danışıqlarında o, yaxşı olmasını bildirsə də övladının yaralandığını hiss etdiyini qeyd edir. Bu gün bir ana kimi övladının Vətən müharibəsində iştirak etməsini fəxrlə, qürurla səsləndirir.
Yaralımızın ailə üzvləri də təkcə Elçinlə deyil, Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiklərini dilə gətiriblər. Övladlarına eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və icra başçısına minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edək ki, yaralımızın qardaşı Elvin Mustafayev də hazırda Beyləqan rayonunda "N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdədir.


 

GOYEZEN.AZ


Geri qayıt