Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış gizir İsə Qayayevi evində ziyarət edib

İcra başçısı Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış gizir İsə Qayayevi evində ziyarət edib


4-12-2020, 09:47


44 gün davam edən Vətən müharibəsi və sonu böyük tarixi Qələbə ilə başa çatan haqq savaşımız! Bu həmin 44 gündür ki, ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi”. Bəli, ömürlük yaddaşımıza, hafizəmizə həkk olunan haqq savaşında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Və qazanılan həmin tarixi zəfərlə bütün dünya türkün gücünü, qüdrətini gördü. Azərbaycan dövlətinin, Ali Baş Komandanın, müzəffər ordumuzun nəyə qadir olduğunu bir daha izlədi, yaxından şahidi oldu. Bu gün cəmiyyətimizin hər bir üzvü, fərdi, vətəndaşı olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq. Qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, ömrümüzün sonuna kimi onları dərin hörmətlə anıb, bizlərə əmanət qoyub getdikləri ailələrinə sahib çıxmalıyıq. "Qarabağ Azərbaycandır!” deyərək döyüşən və yaralanan qazilərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Vətən müharibəsində iştirak edən, Azərbaycanın adını ucaldan, hərb tariximizə böyük Qələbənin yazılmasında payı olan igid Vətən oğullarından biri də Qayayev İsə Mansır oğludur. O, 12 may 1995-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbi bitirən İsə məktəb yaşlarından hərbiyə maraq göstərib. Vətənə olan sevgisi, torpaqlarımızın keşiyində dayanmaq istəyi, sərhədçi olmaq arzusu onun ömür yolunu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən salıb. 2018-ci ilin 29 martından Dövlət Sərhəd Xidmətində kiçik gizir olaraq işə başlayıb. Vətən müharibəsində qəhrəmancasına döyüşən İsə 10 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanıb. Maşının yaxınlığına mərmi düşməsi nəticəsində maşın aşmış, beyin travması almış və onurğa sümüyü 4 yerdən çatlamışdır. 2 gün Füzuli Rayon Mərkəzi Xəstəxanasında yatan İsə sonra DSX-nin Bakı şəhərində yerləşən Hospitalında müalicəsini davam etdirib. Oktyabrın 19-dan isə doğma kəndi Daş Salahlıya evlərinə qayıdıb. Səhhəti ilə əlaqədar məzuniyyətdə olan İsə Qayayev yenidən döyüş yoldaşlarının yanına qayıtmağı və Vətənin keşiyində dayanmağı arzulayır.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə qayğı göstərən rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalib diqqətini əsirgəmir.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə yaralı gizirimiz İsə Qayayevi də evində ziyarət edib, onun səhhəti və qayğıları ilə maraqlanıb.

"Özümə borc bildim ki, gəlib baş çəkim”, - deyən icra başçısı Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma, əziz olduğunu qeyd edib. Yaralı gizirimizə səmimi ürək sözlərini çatdıran rayon rəhbəri ona tez bir zamanda sağalaraq döyüş yoldaşlarının yanına qayıtmağı arzu edib. Ölkə Prezidentinin də qeyd etdiyi kimi,  hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində bizlərə Qələbə sevinci bəxş edən İsə kimi igid, vətənpərvər oğullarımızla hər kəsin fəxr etdiyini bildirib. Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərən, şanlı tarix yazan belə qəhrəman oğulların keçdikləri döyüş yolunun gələcək nəsillər üçün bir məktəb olduğunu söyləyib.


Vətən uğrunda gedən döyüşlərdə yaralanan gizir İsə Qayayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu bildirib. O, qeyd edib ki, bir hərbçi kimi fərəhləndim, qürurlandım ki, arxamızda dövlətimiz və ölkə rəhbərimiz dayanıb. Dövlətin, dövlət başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən İsə xəstəxanada olduğu müddətdə bir daha bunun şahidi olduğunu dilə gətirib. O, xəstəxanada olan zaman ailəsinə baş çəkən, dəstək olan hər kəsə minnətdarlığını bildirib. İ.Qayayev həkimlərimizə minnətdarlıq etməyi də unutmayıb. O, həkimlərimizə, tibb işçilərimizə yaralı əsgər və zabitlərimizə göstərdikləri qayğıya, şəfqətə görə təşəkkürlərini çatdırıb.

Yaralı hərbçimizin atası Mansır Qayayev təkcə övladı İsə ilə deyil, Vətən müharibəsində vuruşan və bizləri Qələbə ilə sevindirən bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Ailə üzvləri adından İsəyə, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə, Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və icra başçısına minnətdarlığını bildirib.

Onu da qeyd edək ki, yaralımızın qardaşı Qayayev Qoşqar Mansır oğlu da hazırda Bakı şəhərində Daxili Qoşunlarda həqiqi hərbi xidmətdədir.

GOYEZEN.AZ


Geri qayıt