Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Prezident İlham Əliyevin xalqa
müraciəti
-Əziz həmvətənlər.
Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu
işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik
edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir
güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş
meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç
rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir
güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir,
ərazisi 1800 kvadratkilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi
abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun
Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk
növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə
münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda
bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın
rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət
ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin
biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər
rayonlarımıza qısa müddət ərzində qaytaraq.
Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan
mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur
dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə
yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa
edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq.
Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin
ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun,
Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki,
biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində
planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq
dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində
aparılacaqdır.
Laçın rayonunda bizim böyük meşə sahələrimiz var -
ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir.
Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı
rayonlarında 12 min hektar və eyni zamanda, işğaldan azad edilmiş Hadrut
rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır.
Meşələr isə planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi
30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq,
meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə
dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və
məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət
mərkəzində olacaqdır.
Onu da bildirməliyəm ki, bizim böyük çayımız -
uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Bu
da böyük strateji əhəmiyyətə malik olan məsələdir. Deyə bilərəm ki, bizim
10-dan çox böyük və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş
torpaqlardadır. Onların arasında 4 çayı xüsusilə qeyd etmək istərdim. Çünki bu
çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180
kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər rayonunda
yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu 100 kilometrdən
çoxdur. Bunun çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan ərazisindən keçən
bizim əsas çayların mənbələri başqa ölkələrdə yerləşir - Kür çayı, Araz çayı,
Samur çayı. Bizim bu 3 əsas çayımızın mənbələri başqa ölkələrdə yerləşir.
Əlbəttə ki, 4 böyük çayın mənbəyinin ölkəmizin ərazisində olması böyük
üstünlüyümüzdür. Ancaq bu ərazilər işğal altında idi. İndi bu ərazilər işğaldan
azad edilib. İşğaldan azad edilmiş torpaqların və orada həyatın bərpası üçün
əlbəttə ki, çay resurslarımızın çox böyük əhəmiyyəti olacaqdır. Artıq müvafiq
göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu, özlüyündə
kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox böyük
təsir göstərəcək amillərdən biridir.
Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi
potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu
potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın,
dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail
olacağıq.
Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda,
ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi
keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə
verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların
nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın
ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması
ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya
sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük
nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da
bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi,
xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində.
Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30
kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu
iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini
təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu
tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin
eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5
kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim
üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək
üçün kifayət qədər məsafəni əhatə edir.
Onu da
bildirməliyəm ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın
rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan
məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan
tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi
verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi.
Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən
tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma
siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma
baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Misal üçün, əgər Ağdam,
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi
hissələr yerləşirdi. Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən
dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırdı və çox az sayda
mülki əhali yaşayırdı. Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi. Laçın
rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və
orada çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan
yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı.
Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri
olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən
həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın
rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi
ki, Laçın rayonu hansısa formada
Ermənistana qalmalıdır.
Danışıqlar
prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu
məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların
Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim
mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun
tərəfdarı idik. Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci
mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun
Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər
bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni
vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq,
danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə
qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki,
5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana
qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya
da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən
edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər
və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana
veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar
masasında olan məsələlər.
Mən deyə
bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən
belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz
müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ
müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın.
İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın,
Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o
vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.
Mən isə
həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir
razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını
qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir.
Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün
bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc
toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi
məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu
quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik,
düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il
bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın,
bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da
imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi
görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma
pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni
təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması
bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin
görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır.
Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz.
Razılaşma icra edilir və icra edilməlidir.
Bir daha
demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını
əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu
reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın
altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində,
kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı,
ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi
ilə məşğul olsun.
Bölgəmizdə
yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı.
Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının
qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində
qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız
parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki,
beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri
tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi
olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq.
Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi
bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu
gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik.
Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni
əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz
torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda
göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni
əməkdaşlıq çərçivələri yaradılacaqdır.
Ona görə
Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə
zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında
azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər –
5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə,
buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən
artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya
tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın,
görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var.
Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin
əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu,
konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə
bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə
vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna
nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu
ilə. Mən deyəndə ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum. Əgər
düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı.
Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu
məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq
yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər.
Laçın
rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm
ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı
imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı
olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının
işğal altına düşməsi böyük itkimiz idi. Artıq Ermənistan bu dəhliz vasitəsilə
silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib
çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü.
Demək olar
ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək
istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda
mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə
satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular.
Biz bütün bu tarixi yaxşı xatırlayırıq. Bu gün Laçın rayonunu bir güllə
atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir.
Mən bir daha
demək istəyirəm, - artıq onu demişəm, - onsuz da biz Laçını da, Kəlbəcəri də,
Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu
planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın
rayonlarının çox çətin relyefi var. Kəlbəcər rayonuna əvvəlki, sovet dövründə
gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona Mardakert
deyilirdi, orada ermənilər yaşayırdı. Başqa yol demək olar ki, yox idi. Biz
indi Kəlbəcərə Göygöl və Daşkəsən rayonlarından daxil olmuşuq. Xüsusilə qış
mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam,
həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola
bilərdi və böyük vaxt sərf olunacaqdı.
Ona görə
bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında
düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə,
Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi
yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu
gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha
demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində
onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar.
Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə
20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə
saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də
çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.
Bu, gələcək
perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz
strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu
bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı
Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu
gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir.
Bu gün
Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar
gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik
məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün
bu məsələləri nəzərdən keçirəcəyik. Ermənistan rəhbərliyindən fərqli olaraq,
bizim strateji baxışlarımız var, bunlar artıq formalaşıb. Biz məqsədə çatmaq
üçün ardıcıl surətdə gedirik. Ermənistan rəhbərliyinin hətta
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir baxışı yox
idi. Onlar özləri bilmirdilər nə istəyirlər. Gah deyirdilər ki, Dağlıq Qarabağ
"müstəqil dövlət”dir. Gah deyirdilər ki, "Dağlıq Qarabağ Ermənistan”dır. Bu
təzadlı fikirlər bir-biri ilə necə uzlaşa bilər? Bu, nəyi göstərir? Onu
göstərir ki, Ermənistan rəhbərliyi savadsız, siyasətdən başı çıxmayan
insanlardan ibarətdir. Yaxşı, bu, müstəqil dövlətdirsə, onda sənin ordun orada
nə iş görür? Əgər bu, müstəqil dövlətdirsə, - hansı ki, heç kim tanımayıb, elə
birinci Ermənistan tanımayıb, - o necə ola bilər ki, Dağlıq Qarabağ
Ermənistanın baş nazirinin sözləri ilə desək, "Ermənistandır və nöqtə”. Ona
görə onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi. Bu idi bizim
qarşımızda duran ölkə.
Əlbəttə, biz
bir daha görürük və artıq işğaldan azad edilmiş torpaqlarda olarkən bir daha
gördüm ki, onlar bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər.
Əks-təqdirdə o istehkamları qurmazdılar. Onlar əbədi saxlamaq istəyirdilər o
torpaqları. Ona görə o saxta xəritələri düzəldirdilər. Ona görə bizim
şəhərlərimizə öz adlarını verirdilər. Ona görə xaricdən erməniləri gətirib
oraya yerləşdirirdilər. Hərbi cinayət törədirdilər və cavab verəcəklər bütün
cinayətlərə görə. Artıq işlər praktiki fazaya keçibdir. Qiymətləndirmə prosesi
tezliklə başlanacaq, vurulmuş ziyan hesablanacaq. Artıq hüquqi müstəvidə
addımlar atılır. Mən bunu artıq bildirə bilərəm Azərbaycan xalqına. Hələ ki,
detalları açmaq istəmirəm. Amma bu, artıq niyyət deyil, bu, artıq praktiki
addımlardır. Biz onları bundan sonra da ifşa edəcəyik.
Azad edilmiş
torpaqlara xarici jurnalistlər dəvət olunur. Beynəlxalq media erməni
vəhşiliyinin nəticələrini işıqlandırır. Bu müddət ərzində Kəlbəcəri nə günə
qoyduqlarını işıqlandırır. Vəhşilər kimi gedib hər tərəfi söküb, yandırıb,
talayıb, meşələri yandırıb, kəsib. Özlərini burada, necə deyərlər, əsrlərboyu
yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu
etməz, bu vəhşiliyi etməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar.
Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoymayıblar, ancaq istismar
ediblər. Bizim torpaqlarımızı istismar ediblər. Mənə verilən məlumata görə,
orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl,
Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş
torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu
torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını
bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır.
Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək. İndi onlar bundan məhrum oldular.
İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm bağları
mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıl rayonlarına gedərkən yolboyu görmüşdüm
ki, bir çox üzüm bağlarımız dağıdılıb, orada köhnə şpalerlər qalıb. Amma bir
çox yerlərdə üzüm bağları saxlanılıb. Ondan istifadə edirdi, bizim suyumuzdan
istifadə edirdi, elektrik enerjisi istehsal edirdi. Vəhşi kimi gəlib başqasının
torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış
məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan
edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan
ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə
ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir
əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.
Biz isə
artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik.
Prezident
seçiləndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidlərim var idi.
Çünki danışıqlar müəyyən dərəcədə gedirdi. Kiçik olsa da, bəzi tərəqqi əldə
edilmişdi, baza prinsipləri əsasında müəyyən addımlar atılmışdı. İşğal edilmiş
torpaqların geri qaytarılması məsələsi bizi qane edirdi. Ancaq xalqların öz
müqəddəratı prinsipinin ərazi bütövlüyü prinsipi ilə bərabər səviyyədə
tutulması bizi qane etmirdi. Amma son illər mənim də, necə ki, Azərbaycan
xalqının əksər hissəsinin bütün ümidləri artıq tükənmişdi. Sadəcə olaraq, mən
demişdim, bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək
lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin.
Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın. Elə zərbə vurmalıyıq ki,
düşmən bundan sonra daha baş qaldırmasın. Bu müharibə bizim şanlı Qələbəmizdir.
Biz fəxr edirik. Ancaq bizim vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir
daha bu bölgədə baş qaldırmasın. Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün
ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz
ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki,
tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı
məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim
torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi
qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var
Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk
qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki
addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa
Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz
gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını
dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim
qarışa bilməz. Bir daha demək istəyirəm ki, artıq "Dağlıq Qarabağ münaqişəsi”
termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun.
Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar.
Biz müharibə
dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Mən müharibə dövründə
müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan
xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr
başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə
dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistan baş naziri
o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu.
Məhv edilmiş
Ermənistan ordusunun texnikaları:
Tank
əleyhinə vasitələr - 53 dənə, "Smerç” - dörd dənə, "Qrad” - 97 dənə, "Uraqan” -
2, "YARS” - 1, TOS odsaçan - 1, "S-300” zenit-raket kompleksləri - 7 atıcı
qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki,
biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu,
bir "S-300” radiolokatoru və iki "S-300” aşkaretmə stansiyası məhv edildi.
"Oborona” radiolokasiya stansiyası - 1 dənə, "TOR” zenit-raket kompleksi - 5
dənə, "Osa” zenit-raket kompleksi - 40 dənə, "KUB” zenit-raket kompleksi - 4
dənə, "KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125”
zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, "Elbrus”
əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, "Toçka-U” raket
kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, "R-142” komanda
qərargah maşını - 2 dənə, "Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif
radiolokasiya stansiyaları - 7 dənə, "Reppelent” radio-texniki maneə vasitəsi -
4 dənə.
Düşmənin
məhv edilmiş və qənimət götürülmüş texnikaları:
Özüyeriyən
artilleriya qurğuları "Akasiya” və "Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət
götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi
götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi
avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i
qənimət götürülüb. Traktor – 10, "Şilka” zenit qurğusu – 5 ədəd qənimət
götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda
məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət
götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u
məhv edilib, 47-si qənimət götürülüb. "Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük
avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.
Bunlar
deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu
onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir
texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər
getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə
milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi
hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici
dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın
üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun
60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir.
Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu,
bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də
ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq
qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu
pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il
ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan
ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta
rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı
səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik
Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və
kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır.
Bildirməliyəm
ki, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki,
Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat
deyirlər, bəzən noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir
Putinlə ikimiz videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da
imzalamışam. Bizim Rusiya ilə bir saat fərqimiz var. Yəqin ki, bu uyğunsuzluq
buna görədir. Ona görə, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Mən
imzalanma mərasimindən sonra bu bəyanatı olduğu kimi Azərbaycan xalqının
diqqətinə çatdırdım və bir daha göstərdim ki, bizim bütün işlərimiz şəffafdır.
Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam,
qalib kimi imzalamışam. Bu Bəyanatın bütün mətnini Azərbaycan xalqının
diqqətinə çatdırdım. Bu gün isə artıq münaqişə arxada qalandan sonra bu
Bəyanatın icrasını şərh etmək istərdim. Deməli, birinci bənddə göstərilən məsələlər
artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir.
Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə
layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları
olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir. İkinci bənddə göstərilir ki,
noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu, təmin
edildi. Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın
dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi
qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi
texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu, təmin edildi.
Dördüncü bənddə göstərilir ki, bu Bəyanatın müddəti 5 ildir. Əgər, müddətin
bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat və bu
razılaşma uzadılır. Bu, aydın məsələdir. Münaqişə tərəflərinin razılaşmalara
əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət
üzrə sülhməramlı mərkəz yaradılır. Bu Bəyanat imzalananda bu bənd o qədər də
geniş açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu
mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb. Sonra
altıncı bənddə göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər
rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi,
Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun
bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı
bəndin bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın
dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı
kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun
ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya
sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında
qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin
razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni
təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən
ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı
kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh
etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi
Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında
qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın
şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz
inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin
marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində.
Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin
parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu,
xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım,
Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.
Yeddinci
bənddə göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə
və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti
altında geri qayıdır. Bu da önəmli məsələdir. Azərbaycan vətəndaşları Dağlıq
Qarabağın bütün yerlərinə qayıtmalıdırlar, harada ki, onlar əvvəl yaşayıblar.
Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu,
növbəti təmaslar əsnasında həll olunacaqdır.
Səkkizinci bənddə göstərilir ki, hərbi əsirlər,
girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata
keçirilir. Artıq bu proses davam edir - həm cəsədlərin mübadiləsi, həm
əsirlərin və girovların.
Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün
iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası
vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz
hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və
Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik
Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı
əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını
birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu
bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə
olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox
idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan
Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında
söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə
konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas
hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan
yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları
həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci
məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə
Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının
inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün
əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz
olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi
nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni
bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq
faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir.
Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər
istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni
əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm
Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir
Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki,
bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da
təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq.
Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli
məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni
zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır.
Çünki bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan
əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir
yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş
verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə
bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola
bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi buraya salıb? Mən.
Bu gün - dekabrın 1-də biz bu işlərin artıq inkişafını görürük. Mən deyə bilərəm
ki, artıq "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş
verildi ki, Horadiz-Zəngilan dəmir yolunun, hansı ki, mənfur düşmən dağıdıb,
təhlili aparılsın, ilkin hesablamalar aparılsın. Eyni zamanda, Rusiya
Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o
cümlədən dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur. Ermənistan
dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu
məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik. Çünki Ermənistanda nə
var ki, Ermənistanın özünün olsun? Ermənistan beynəlxalq münasibətlərin
subyekti deyil, obyektidir. Nəyə görə? İşğala görə. O tarixi şansı itirib,
müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib, işğala görə. Nə
qazandı? Heç nə. Bu vaxta qədər bütün lazımi tədbirləri gördük. Nəqliyyat,
energetika, iqtisadi əməkdaşlıq – bütün layihələri başa çatdırdıq. Dekabrın
sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə verilir. Onun son hissəsi olan TAP istifadəyə verilir.
Ermənistan, haradasan? Kənarda qalmısan. Bu enerji dəhlizi Ermənistandan yan
keçir. Kim keçirdib? Biz. Amma mənim yadımdadır, biz Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin marşrutunu, – o vaxt mən Dövlət Neft Şirkətində işləyirdim, – müəyyən
edərkən bizə nə qədər təzyiqlər oldu, özü də Qərb ölkələrindən. Nə üçün
Ermənistandan yan keçir? Bu, Gürcüstandan yox, Ermənistandan keçməlidir. O vaxt
aparıcı Qərb ölkələri bizə şərt qoyurdu. Hətta o vaxt biz xarici kreditlərdən
çox asılı idik. Yadımdadır, erməni təbliğatı, erməni lobbisi və ermənipərəst
xarici dairələr tərəfindən aparılmış kampaniya nəticəsində Dünya Bankı bir il
ərzində bizə veriləcək vəsaitin verilməsini təxirə saldı, dayandırdı, müxtəlif
bəhanələrlə, guya ekoloji standartlar pozulur. Halbuki bu, cəfəngiyatdır.
Ermənistan,
haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin.
TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul
qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit
haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq,
bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı.
Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri
gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün
Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran
enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il
bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb.
Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir.
Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o
dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul
qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək?
Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz.
Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik. Bu günlərdə bu
çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi
onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz
var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər
etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən
Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan
rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il
yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil.
Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz
təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq! Yeddi şərt qoyan
Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o 7
şərt? Getdi işinə. Azərbaycan qondarma "Dağlıq Qarabağla” danışıqlar
aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi. "Dağlıq Qarabağ Ermənistandır və
nöqtə” - bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə
bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin
desin bunu. Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin
nümayəndələri indi ya məhv olublar, ya fərarilik ediblər. Özləri etiraf edirlər
ki, 10 mindən çox fərari var. Deyirdi ki, Şuşada - bizim tarixi, qədim
şəhərimiz, bizim ürəyimiz, canımız olan Şuşada bunlar qondarma "Dağlıq
Qarabağın” parlamentini inşa edəcəklər. Nə oldu o parlament? Vurduq dağıtdıq,
məhv etdik. Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi axırı nə
olacaq. Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və
rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi
gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik
yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi
yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar
atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz
də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən
müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar
birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni
yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu
Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!
Mən müharibənin ilk günündən bu günə qədər -
sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər
etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini
vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu,
əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt
barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı
insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda
heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu
ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Bu gün
bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük
xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı.
Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq
dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm
ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə
göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri,
kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və
qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik,
bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra
bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.
Mən bilirəm ki, bu günlər ərzində mənim hər bir
çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünki biz ilk günlərdən
qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa
geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum
edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədik.
Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda
deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu
şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun.
Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət
eləsin!
Mülki vətəndaşlar - 94 mülki vətəndaş həlak olub,
400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən yaralanıb. Evi dağılmış
insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, bunu
hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq,
yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu
Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi
dövrü olacaqdır.
Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi
yekunlaşdırıram. Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma
xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər
bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm:
Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam
bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Geri qayıt
|