Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Prezident İlham Əliyevin
xalqa müraciəti
-Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan
azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü
Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu
1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba
torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə
böyük ziyan vurulmuşdur.
Kəlbəcər
rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına
düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının
işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi.
Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı.
Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük
ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və
düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən
sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar
vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə
göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu,
böyük üstünlüklər təmin etmişdir.
Kəlbəcər
rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq
Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına
düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə
onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi
etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki,
tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər
halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli
var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında
hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr
baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və
hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan
isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və
Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan
istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə
gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış
hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı
tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız
işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin
salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi
güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin
etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına
düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi
gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər
rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların
heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş
adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir
kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı
vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə
hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib
çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin
sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi -
komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət
etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş
və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında
keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı
vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər
naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı
ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma,
prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni
danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə
naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi.
Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər
orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri.
Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu,
döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq
Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi.
Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri
əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi
idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna
bilərdi? Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə
gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma
apardılar.
Əgər Heydər
Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan
torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Öz laxlamış
hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini
əsir götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın!
Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim
bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin
səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi
paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız,
biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan,
xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz
ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər
onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar.
Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq
Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər.
Kəlbəcər
bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi
baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri
bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi
sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki,
Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur.
Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə
olaraq, erməni "tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini
saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu
kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki,
1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün
mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların
havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini
silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik.
Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər
var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır
və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ
şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim
tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə
dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz
kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində
qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin
açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç
kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq.
Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət
bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır.
Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə
baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər
məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar
saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim
məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq
tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında
qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ
ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab
istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək
istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək
istəyən getsin, ilk növbədə, güzgüyə baxsın.
Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə
malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların
arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay,
Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük
ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etdi.
Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa
edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt o məqsədlə
tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri
təmin edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt
suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlamışdır. Ağdam, Goranboy,
Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən
suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün
torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror
dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin
dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması,
çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın,
Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra
Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə
su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi
başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur.
Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi
var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb.
Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri
yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri
qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o
evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar,
orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını
öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha
deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti
üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.
Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi
olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək,
xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin
zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə
istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu
Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır.
Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o
görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən
quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən
qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün
şəhərlər üzrə və həyat qayıdacaqdır.
Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib,
qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada
insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə hərbi cinayətdir və
Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb
edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara
görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də
həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə
keçib oradan.
Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu
rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük
planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra
edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet
vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da
Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun
bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin.
Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır,
dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir
yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən
dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir.
Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar
atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların
rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə
aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq
məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha
demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin
iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra
şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd
təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi
tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini
sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.
Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir
kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait
yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi
yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu,
bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik - ucqar dağlara
çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq
müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtında görəcəyik.
Düşmən
Kəlbəcərə yeni eybəcər bir ad verib. Onlar "Dağlıq Qarabağ respublikası”nın
xəritələrini düzəltmişdilər. Hanı o xəritələr? Hamısı məhv oldu. O xəritələr,
sadəcə olaraq, kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün
ərazisini, Şuşanı, eyni zamanda, ətrafda yerləşən bütün 7 rayonu da aid
etmişlər "Dağlıq Qarabağ respublikası”na. Bu xəritələri dərc edirdilər,
dərsliklərə salmışdılar, sərgilərdə nümayiş etdirirdilər. Bu xəritələri onlar
elə təqdim edirdilər ki, budur "Dağlıq Qarabağ respublikası”. İndi nə qalıb o
xəritələrdə? Heç nə. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində
lazımi addımlar atıbdır.
Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O
vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll
olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlar, təmasda olduğum
bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi
həlli yoxdur. Bu, ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki,
var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim
ki, müharibə heç zaman istisna olunmur. Danışıqlar dövründə müxtəlif
mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə
yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni
ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən
deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək
istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab
edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail
olacaq. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcəklər,
onların arxasında duracaqlar, onların əvəzinə müharibə aparacaqlar. Onlar,
ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı
və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir,
bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər
zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə
qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış
istiqamətə aparıb. Bu gün də hamıdan narazıdırlar. Bu gün də hamıya qarşı
iddialar irəli sürürlər ki, nə üçün bizi heç kim müdafiə etmir. Sizi kim
müdafiə etməlidir? Siz müstəqil ölkəsiniz, - əgər belə demək mümkündürsə, -
müstəqil ölkə kimi də yaşayın, bu, birincisi. İkincisi, siz başqasının
torpağını zəbt etmisiniz. Bir milyon insanı evsiz-eşiksiz qoymusunuz. Bütün
binaları, evləri, şəhərləri dağıtmısınız. Siz özünüzü vəhşilər kimi
aparmısınız. Haqq-ədalət sizin tərəfinizdə deyil, beynəlxalq hüquq sizin
tərəfinizdə deyil, tarixi həqiqət sizin tərəfinizdə deyil. Amma hesab edirdilər
ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək,
nəsillər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq.
Səhv etdilər. Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən
Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ
məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm
ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək
səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun.
Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir,
zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu
bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik
ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və
reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli
olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc
edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz
döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi
müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu. Mən ilk
günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır.
Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və
buna hazırıq.
Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim
torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki,
nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum
əməliyyatlarımızı dayandırıram. O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7
şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini
zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get.
Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi. Müharibənin nəticələri də mən
deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı,
Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi
yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad
olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz
çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu
gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan
sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib.
Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan
məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir!
Qarabağ Azərbaycandır!
Geri qayıt
|