Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev xalqa müraciət edib.
Prezident İlham Əliyevin xalqa müraciəti
-Əziz
həmvətənlər.
Mən
sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm.
Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün
deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.
Ağdam
rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın
nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər
ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya
gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və
məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ
beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi
tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü
müdafiə etmişik.
Ağdam
rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal
edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur.
İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon
sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan
ərazilərdə - bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük
quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik
və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim
göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri
yaradılmışdır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz
edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya
İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu
obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki,
son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan
hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü
yerləşdirə bildik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam
rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.
İndi
isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş
torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat
tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi
düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina
qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan
bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz
vəhşi düşmən tərəfindən dağıdılıb.
Mən
orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz
bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab
edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara
qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim
xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün
köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma
torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni
həyat qursunlar.
Biz
Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri
əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq,
infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial
obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya
qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun
bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi
baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən
böyük rayondur.
Əslində,
bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni
yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat
fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət
etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə
Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş
vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət
ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər
Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə
etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir
ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki,
Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır.
Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və
kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini
verəcəkdir.
Bu
işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni
qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün
ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa
rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların
yanında olacaqdır.
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi
Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş
meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan
çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o
bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait
xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə
bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya
bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə
qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki
təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı
bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına
qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.
Ona görə onlar bu istehkamları qurarkən və eyni
zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi
etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin
adlarını dəyişdirməyəcəkdilər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa
bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə
qondarma "Dağlıq Qarabağ respublikası” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini
yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar
beynəlxalq ictimaiyyətə təqdim edirdilər.
Mən bu məsələ ilə məşğul olan vasitəçilərə
dəfələrlə demişdim ki, siz buna diqqət yetirin. Siz indi bu məsələnin sülh yolu
ilə həll olunmasından danışırsınız. Amma biz bunun tam əksini görürük. Görürük
ki, Azərbaycan irsi bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi
abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdılır, bizim bütün
tarixi-mədəni irsimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistan
məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma "Dağlıq Qarabağ
respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar
bu qondarma quruma aid edilir. Ermənistan xarici dillərdə nəşr etdiyi
kitablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən işğal olunmuş bütün
torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak
edərkən də eyni hərəkətləri edirlər. Yaxşı, bəs, necə olacaq, siz deyirsiniz
ki, bu, sülh yolu ilə həll ediləcək.
İndi nə oldu bu xəritələr? İndi bu xəritələr
cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur. İndi Kəlbəcər rayonunu boşaldan işğalçılar
bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, öz vəhşiliklərini
göstərirlər. Bütün beynəlxalq aparıcı media qurumları bunu lentə alır və
dünyaya yayır, biabır edir onları. Onlar özləri özlərini biabır edirlər,
qorxaqcasına qaçıblar bizim qabağımızdan. Bizim qabağımızda duruş gətirə
bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar,
bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurduq,
dağıtdıq, məhv etdik. Yoxdur Ermənistan ordusu, biz onu məhv etmişik. Bizim
döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu
bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi
uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı.
Ağdamlılar Birinci Qarabağ müharibəsində
qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ
müharibəsində - Vətən müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər
vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi
yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına
səbir versin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət
edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar
yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə,
zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa
versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır,
müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər.
Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da
istədiyinə nail ola bilmişdir. Bu torpaqların abadlaşdırılması ilə bağlı
tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu
da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri
minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır.
Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk
imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər
edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O
müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu
işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir.
Müharibəyə gəldikdə, bir daha deməliyəm ki,
Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan
fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər,
onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha
göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların
ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı
müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı,
mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz. Onların ordusu
oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs
edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların
"qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan
rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə
qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son
iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu
ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun
səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim
çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq.
Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı
qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək. Ermənistan bu 30 ilə
yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan
faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi
onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə.
İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün
beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım
olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar
döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan
sonra bu damğa ilə yaşayacaqlar, "məğlub edilmiş ölkə” damğası ilə
yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda
yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim
xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli
oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini
didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki,
onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam
etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi
cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı
bir ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan
üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində
qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə
bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili
götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu
kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə
böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları. Sovet İttifaqı
Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən
sonra artıq barışıq olub. İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər
normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər
müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin
xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır. Bax,
budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri
günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə
necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə
kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir.
Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində
reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı
didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix
yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki,
bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa.
Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o
bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar
özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına
gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan
sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla
münasibətləri normallaşdırsalar.
Mən nə üçün bu barədə danışıram?! Çünki biz bu
bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də,
istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki,
bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar
münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə
demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur.
Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı
aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və
bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq.
Biz onların şəhərlərini dağıtmamışıq, halbuki
dağıda bilərdik. Şuşanı götürəndən sonra Xankəndini dağıtmaq nə böyük problem
idi. Bir gün ərzində dağıda bilərdik. Biz etdikmi bunu? Yox. Amma onlar nə günə
saldılar bizim şəhərlərimizi. Ona görə bizim erməni xalqı ilə problemimiz
yoxdur. Bir daha demək istəyirəm ki, vahid Azərbaycan dövlətində yaşayan bütün
xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı. Azərbaycanda
minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox. Azərbaycan
vətəndaşları kimi normal yaşayırlar. Əminəm, bu gün Dağlıq Qarabağda yaşayan
ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan
xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin
əməllərdən əl çəkməkdir.
O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti
bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm.
İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni
qaçıb, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim
torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb.
Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir
çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də
məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir,
onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona
görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var,
mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki,
Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan
yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq,
yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən
yapışacaq ki, mənə kömək edin. "Mənə kömək edin” onların ideologiyasının əsas
prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə
isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə
xeyir gətirib bu günə qədər?
Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa
edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil. Çünki biz mülki
əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki
vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var,
3000-dən çox evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat
aşağıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular.
Gəncəni ballistik raketlərlə vurmuşdular. Kasetli bombalarla Bərdəni
vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şəhəri demək
olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat
verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca
şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmi? Xocalı soyqırımının
təkrarı deyilmi? Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik?
Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni
faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik,
dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan
verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı
atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və
heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim
qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində
şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb
ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən
deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki,
kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və
verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa,
əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10
qatını və heç kim bizi durdura bilməz.
Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi
vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq,
xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var.
Ona görə mən bir daha sözümü demək istəyirəm. İndi Ermənistanda daxili böhran
hökm sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı
məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər. Ona
görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam
qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa
hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir
əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə
Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma bizim
imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər yaşadığımız bu
bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib. Bütün layihələrimiz -
energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz
bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada
biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz
normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər.
Ermənistanın qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal,
Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə
edir. Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər.
Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi
nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib
azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünki
Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla
silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki
vətəndaşlarımızı öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya
bunlara kömək etməyib. Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və
tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq
tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa
bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə
bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə
təfəkkürlə necə yaşamaq olar?
Biz isə bundan sonra inkişaf yolumuzla daha
sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və
zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və
üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu
Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən. Amma
Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün
deyil. Amma o qədər də önəmli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə, ya
yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O, əslində,
kapitulyasiya aktıdır. Bu, Azərbaycanın Qələbəsidir, torpaqlarımızın
qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı,
Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılardan azad edilib,
o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi. Bu,
şərtləndirib bizim qələbəmizi. Bizim qələbəmiz artıq Ermənistanda böyük
problemlər yaratdı. Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir?
Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs
olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox.
Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir
nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi
qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Yaxud da ki,
monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin
ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan Avropa Şurası?
Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən.
Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki,
diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan
diktator. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız,
insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax,
görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır. Avropa Parlamenti
Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul
edib. Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi
sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü
qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti
zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız?
Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət
təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə
bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu
susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə
susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq
istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması
ilə.
Ermənistan
diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid
edib, Azərbaycanda xalq-iqtidar birliyi. Bax, budur fərq. Budur bizim gücümüz.
Bizim gücümüz birliyimizdədir. Güc və birlik. Yəqin, Azərbaycan xalqı
xatırlayır, son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya
dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır,
"kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim
çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm.
Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və
beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik.
Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və
hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm
beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu
gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu
əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər
xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə
qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan
azad etmişik.
Mən
bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram,
bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm
ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni
tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara
vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər
etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə
vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.
Əziz
xalqım, əziz ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibətilə bir daha
ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ağdam
bizimdir! Qarabağ Azərbaycandır!
Geri qayıt
|