Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Laçın istiqamətində gedən döyüşlərdə ağır yaralansa da şəhid döyüş yoldaşının nəşini özü ilə gətirən gizir Xanoğlan Mikayılovu evində ziyarət edib

İcra başçısı Laçın istiqamətində gedən döyüşlərdə ağır yaralansa da şəhid döyüş yoldaşının nəşini özü ilə gətirən gizir Xanoğlan Mikayılovu evində ziyarət edib


18-11-2020, 20:45

27 sentyabr və 10 noyabr! Bu rəqəmlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olan uğurlu rəqəmlərdir. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı günlərdir. 27 sentyabr Azərbaycan torpaqlarının ərazi bütövlüyü, tamlığı uğrunda haqq savaşına çıxdığımız tarixi gündür. 10 noyabra kimi 44 günlük bir yol qət etdik və sonunda Zəfər, Qələbə bizim oldu. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığı müqəddəs müharibənin böyük tarixi Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsi kimi yaddaşlara yazıldı.
2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən  müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq. Bu günümüzün hazırkı həqiqəti, reallığı isə budur ki, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin iradəsini, əqidəsini, mətinliyini, ordumuzun gücünü, qüdrətini, Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.

Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən və ağır yaralanan hərbçilərimizdən biri də Qazax rayonunun Birinci Şıxlı kəndində doğulub boya-başa çatan gizir Mikayılov Xanoğlan Əhməd oğludur.

2018-ci ilin noyabr ayından "N” saylı sülhməramlı hərbi hissədə gizir kimi xidmətə başlayan Xanoğlanın hərbçi olmaq uşaqlıq arzusu olub. Hələ məktəb yaşlarından düşmənə nifrət hissi ilə böyüyən Xanoğlan o vaxtdan qarşısına bir məqsəd qoyub. Düşmən tapdağında olan torpaqlarımızı azad etmək, Xocalıda öldürülən günahsız insanların, Vətən uğrunda canından keçən şəhidlərimizin qisasını almaq.

Sentyabrın 27-dən başlayan əks-həmlə əməliyyatı zamanı bir çox döyüşlərdə iştirak edən, Laçın istiqamətində gedən döyüşlərdə ağır yaralanan Xanoğlan uşaqlıq arzusuna çatdı. Torpaqlarımızı düşməndən azad etdi, şəhidlərimizin qisasını aldı. 22 yaşı olmasına baxmayaraq özündən söz etdirməyi bacaran qəhrəmanlarımızdan birinə çevrildi. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın döyüşlərinin qəhrəmanlarından olan Xanoğlan göstərdiyi igidliklə, şücaətlə təkcə Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazan Vətən oğullarından birinə çevrilmədi. O, eyni zamanda özünün timsalında Azərbaycan Ordusunun, əsgər və zabitinin gücünü, nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

Laçının kəndlərindən birində yüksəkliyə üçrəngli bayrağımız sancıldıqdan sonra Xanoğlan əvvəl ayağından, sonra isə sağ çiynindən ağır yaralanır. Xanoğlan təkcə göstərdiyi igidliklə, qəhrəmanlıqla deyil, nümunəvi addımı ilə də könülləri fəth etməyi bacardı. O, yaralı olduğu halda şəhid olmuş döyüş yoldaşının nəşini də özü ilə gətirdi. Yolda vəziyyəti bir neçə dəfə pisləşsə də yolundan qalmadı. Gücü tükənəndə belə yoldaşını yarı yolda qoymadı. Şəhidin ayaqqabısının ipini öz ayağına bağlayan Xanoğlan yolunu bir az da davam etdirdi. Sonra isə huşunu itirir. 36 saat qanaxmadan komada qalan hərbçimizin çox şükürlər olsun ki, səhhəti yaxşıdır və o, bu gün ailəsinin yanında, doğma evindədir.

44 günlük savaşdan, döyüşdən sonra Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran Xanoğlan kimi oğullarımızı hər birimiz tanımalı, tanıtmalıyıq. Bizlərə mənliyimizi, kimliyimizi qaytaran hərbçilərimizə daim qayğı göstərmək hər birimizin borcu olmalıdır.


Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və olmaqdadır. Fəaliyyətə başladığı ilk gündən hərbçilərimizə qayğı ilə yanaşan, diqqət ayıran rayon rəhbərliyi bunu hər bir addımı ilə göstərir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov igidliyi, qəhrəmanlığı, hər kəsə örnək olacaq hərəkəti ilə dillər əzbəri olan hərbçimizin evində olub, onu ziyarət edib.  

Noyabrın 17-də evinə qayıdan yaralı hərbçimizin sağ-salamat ailəsinin yanına dönməsinə görə səmimi ürək sözlərini çatdıran icra başçısı hər bir hərbçinin onun üçün doğma, əziz olduğunu bildirib. Vətən uğrunda qəhrəmancasına döyüşən hərbçimizin səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ona tez bir zamanda sağalaraq döyüş yoldaşlarının yanına qayıtmağı və yenidən onlarla birlikdə olmağı arzu edib. Ölkə Prezidentinin hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğısını əldə rəhbər tutan rayon rəhbəri bu sahədə olan diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

İcra başçısı bu gün başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqının Xanoğlan kimi igid, vətənpərvər oğullarımızla fəxr etdiyini, qürur hissi keçirdiyini qeyd edib. Azərbaycan dövlətinin və ordusunun gücünü bütün dünyaya göstərən, şanlı tarix yazan belə qəhrəman oğulların gələcək nəsillər üçün örnək olduğunu dilə gətirib.

 

İkinci Qarabağ müharibəsində şanlı Ordumuzun keçdiyi döyüş yolundan, hərbçilərimizin göstərdiyi şüacətdən söz açan Xanoğlan Mikayılov bu döyüşdə onları bir amalın birləşdirdiyini söyləyib. O, yaralansalar belə yalnız və yalnız irəli getmək, düşməni məhv etmək və tarixi qələbəni yaxınlaşdırmaq üçün var qüvvələri ilə çalışdıqlarını bildirib. Döyüş yoldaşları ilə birlikdə yalnız bu amal uğrunda addım atdıqlarını söyləyib. Vətən torpaqlarının işğaldan azad olunması üçün bütün hərbçilərimizin Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini, qarşıya qoyulan məqsədə çatmaq üçün Ali Baş Komandanın "İrəli!” əmrini canla-başla yerinə yetirdiklərini qeyd edib.

Dövlətin, dövlət başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən Xanoğlan xəstəxanada olduğu müddətdə bir daha bunun şahidi olduğunu vurğulayıb. O, xəstəxanada olan zaman daim onunla maraqlanan, ailəsinə baş çəkən, dəstək olan rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onunla birlikdə çiyin-çiyinə vuruşan və şəhid olan qardaşlarına Allahdan rəhmət diləyib, yaralı döyüş yoldaşlarına tezliklə sağalmalarını, ailələrinin yanına qayıtmalarını arzulayıb.

"Mən nə etdimsə, Vətən üçün etdim”, - deyən Xanoğlan bundan sonra da Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini yerinə yetirmək, Vətən torpağının müdafiəsi üçün ölümün gözünə dik baxaraq canını fəda etməyə hazır olduğunu bildirib.

Hərbçimizin atası Əhməd Mikayılov, anası Həmayə Mikayılova, bibisi Aybəniz Mikayılova da bu gün Xanoğlan və onun kimi igid Vətən oğulları ilə fəxr etdiklərini, qürur hissi keçirdiklərini dilə gətiriblər. Ailə üzvləri adından Xanoğlana və digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılıqlarını ifadə edib, minnətdarlıqlarını bildiriblər.

Yaralı hərbçimizlə səmimi söhbət edən icra başçısı nəinki bu ailənin, eləcə də bütün şəhidlərimizin, hərbçilərimizin, əsgərlərimizin, onların ailələrinin hər cür diqqət və qayğıya layiq olduqlarını bir daha vurğulayıb. 

GOYEZEN.AZ


Geri qayıt