Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Qubadlının işğaldan azad olunmasında iştirak edən yaralı hərbçimizi ziyarət edib
İcra başçısı Qubadlının işğaldan azad olunmasında iştirak edən yaralı hərbçimizi ziyarət edib14-11-2020, 12:01 |
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycan böyük tarixi Zəfərə, Qələbəyə nail oldu. Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, xüsusilə də dilbər guşəmiz olan Qubadlının düşmən tapdağından azad edilməsində iştirak edən və yaralanan hərbçilərimizdən biri də Məlikov Süleyman Osman oğludur.
Qazax rayonunun Orta Salahlı kəndində doğulub boya-başa çatan Süleyman bu gün göstərdiyi şücaətə görə hər birimiz üçün örnəkdir. Azərbaycan Ordusunun "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) olan Süleyman və döyüş yoldaşları elə bir tarixi Qələbə qazandı ki, illər keçəcək və o qələbə unudulmayacaq. Ölümün gözünə dik baxaraq döyüş yoldaşları, silahdaşları ilə birlikdə bir amal uğrunda – illərdir işğal altında olan torpaqlarımızı azad etmək üçün savaşan Süleyman sağ ombasından yaralansa belə tutduğu mövqedən, qarşıya qoyduğu məqsəddən, Vətənə və Ali Baş Komandanına verdiyi sözdən bir an belə dönməyib. 44 günlük savaşdan, döyüşdən sonra Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran Süleyman kimi oğullarımızı hər birimiz tanımalı, tanıtmalıyıq. Bizlərə mənliyimizi, kimliyimizi qaytaran hərbçilərimizə daim qayğı göstərmək hər birimizin borcu olmalıdır. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və olmaqdadır. Fəaliyyətə başladığı ilk gündən hərbçilərimizə qayğı ilə yanaşan, diqqət ayıran rayon rəhbərliyi bunu hər bir addımı ilə sübut edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Tural Məmmədov və icra aparatının məsul şəxsləri ilə birlikdə Orta Salahlı kəndində olub, noyabrın 13-də evinə qayıdan yaralı hərbçimizi ziyarət edib. Hərbçimizin sağ-salamat ailəsinin yanına qayıtmasına görə səmimi ürək sözlərini çatdıran icra başçısı hər bir hərbçinin onun üçün doğma, əziz olduğunu bildirib. Vətən uğrunda qəhrəmancasına döyüşən hərbçimizin səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ona tez bir zamanda sağalaraq döyüş yoldaşlarının yanına qayıtmağı və yenidən onlarla birlikdə olmağı arzu edib. Ölkə Prezidentinin hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğısını əldə rəhbər tutan rayon rəhbəri bu sahədə olan diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
İkinci Qarabağ müharibəsində şanlı Ordumuzun keçdiyi döyüş yolundan, hərbçilərimizin göstərdiyi şüacətdən söz açan Süleyman Məlikov bu döyüşdə onları bir amalın birləşdirdiyini söyləyib. O, illərdir ki, yağı düşmənin tapdağında inləyən, sızlayan, həsrət çəkən Vətən torpaqlarının işğaldan azad olunması üçün bütün hərbçilərimizin Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini, qarşıya qoyulan məqsədə çatmaq üçün Ali Baş Komandanın "İrəli!” əmrini canla-başla yerinə yetirdiklərini qeyd edib. "Biz bu haqq savaşında dövlət-xalq-ordu birliyindən, həmrəyliyindən güc aldıq”, - deyən Süleyman bu savaşda böyük zəfərin bizim olacağına əmin olduqlarını vurğulayıb. Dövlətin, dövlət başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən Süleyman xəstəxanada olduğu müddətdə bir daha bunun şahidi olduğunu vurğulayıb. O, xəstəxanada olan zaman daim onunla maraqlanan, ailəsinə baş çəkən, dəstək olan rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onunla birlikdə çiyin-çiyinə vuruşan və şəhid olan qardaşlarına Allahdan rəhmət diləyib, yaralı döyüş yoldaşlarına tezliklə sağalmalarını, ailələrinin yanına qayıtmalarını arzulayıb. Bundan sonra da Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini yerinə yetirmək, Vətən torpağı uğrunda son damla qanına kimi yenidən vuruşmaq üçün hər zaman hazır olduğunu söyləyib. Hərbçimizin atası Osman Məlikov övladı və onun kimi igid Vətən oğulları ilə fəxr etdiyini, qürurlandığını dilə gətirib. Ailə üzvləri adından Süleymana və digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını ifadə edib, minnətdarlığını bildirib. Yaralı hərbçimizlə səmimi söhbət edən icra başçısı nəinki bu ailənin, eləcə də bütün şəhidlərimizin, hərbçilərimizin, əsgərlərimizin, onların ailələrinin hər cür diqqət və qayğıya layiq olduqlarını bir daha vurğulayıb.
GOYEZEN.AZ Geri qayıt |