Əsas Səhifə > Manşet / Rəsmi > “Müzəffər Ali Baş Komandanımız. Bizə bu sevincli günləri yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk” -

“Müzəffər Ali Baş Komandanımız. Bizə bu sevincli günləri yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk” -


13-11-2020, 21:16


Xalqımıza böyük Qələbə sevinci yaşadan 10 noyabr tarixindən artıq 3 gün arxada qalır. Qarabağ adlı haqq savaşımızın sonunun tarixi Qələbə ilə yekunlaşması bu gün də hər kəs tərəfindən böyük sevinc hissi ilə qarşılanır. Hər gün yeni qələbələrlə, zəfərlərlə hərb tariximizə və yaddaşlara yazılan o günləri xalqımız bu gün də qürur hissi ilə xatırlayır. 27 sentyabrdan başlayan haqq savaşımızda bizlərə böyük zəfəri bəxş edən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında öz adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazdıran Azərbaycan Ordusunun əsgər və zabitlərini alqışlayırlar. 44 günlük döyüşdə düşmənlə yanaşı, bütün dünya dövlətlərinin Azərbaycanın və onun şanlı ordusunun gücünü, qüdrətini görməsini fəxr və qürurla söyləyirlər. Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan Azərbaycan xalqı əldə edilən qələbələrə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan Ordusunu təbrik edir, qazanılan qələbəyə görə sonsuz minnətdarlıqlarını bildirirlər. Bunu hər gün ölkə başçısına ünvanlanmış sevinc, fərəh, qürur dolu təbrik məktublarından da görmək olur. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanı və şanlı Ordumuzu təbrik edirlər.

Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik. 

Könül Əsgərovadan, 

Cənab Prezident, Müzəffər Ali Baş Komandanımız.

Bizə bu sevincli günləri yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizinlə fəxr edirik, Sizin sayənizdə torpaqlarımız işğaldan azad olundu. Azərbaycan xalqının gözü aydın olsun. Cənab Prezident bu gün bütün dünya Azərbaycanlıları üçün əsl bayram oldu, Sizin qürurverici çıxışlarınız bizi qürurlandırırdı. Nə yaxşı ki, bizim Prezidentimizsiniz. Allah Sizi Azərbaycan xalqının başından əskik eləməsin. Sevincimizin həddi-hüdudu yoxdur. Bayraqlarımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır. Qələbə Azərbaycana çox gözəl yaraşır. Allah şəhidlərimizə rəhmət eləsin. Yaralılara Allah şəfa versin. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əsgərova Könül Zahid qızı.

Azərbaycan Respublikası, Qazax rayonu.


İsmayıl Orucovdan, 

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev.

Sizi bu gözəl qələbə münasibətilə şəxsən öz adımdan, ailəmin adından və bütün qazaxlıların adından ürəkdən təbrik edirəm, Sizə cansağlığı və bu şərəfli yolda uğurlar arzu edirəm. Mən bir azərbaycanlı kimi Sizin apardığınız bu uğurlu siyasəti alqışlayıram, 28 ildir gözü öz torpaqlarında qalmış məcburi köçkünlərimizi öz doğma evlərinə qaytardınız. Siz qərəzli xarici jurnalistlərə layiqli cavablar verərək bütün dünyaya Azərbaycan xalqının gücünü, qeyrətini, mədəniyyətini göstərdiniz. Bizim sevincimizin həddi yoxdur. Siz Azərbaycan Respublikasının ömürlük Prezidenti olmağa layiq bir şəxsiyyətsiniz. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Əsgəri. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Orucov İsmayıl Alı oğlu.

Azərbaycan Respublikası, Qazax şəhəri.


Məzahir Quliyevdən, 

Əziz və möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı,

Rəhbərliyinizlə əldə olunmuş Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Uca Allah ulu öndər Heydər Əliyevə rəhmət etsin, məkanı cənnət olsun!

Nəhayət ki, haqq-ədalət yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəniz nəticəsində bərqərar oldu. Əmin ola bilərsiniz ki, zəhmətiniz xalqımızın tarixi yaddaşında qızıl hərflərlə yazılaraq əbədi yaşayacaqdır.

Allah bütün işlərinizdə yar və yardımçınız olsun.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Quliyev Məzahir Məhəmməd oğlu,

Azərbaycan Respublikası, Qazax şəhəri.


Geri qayıt