Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi–praktik konfrans keçirilib
Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi–praktik konfrans keçirilib5-05-2017, 18:06 |
Qazax rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda elmi–praktik konfrans keçirilib. Konfransda idarə, müəssisə, təşkilat rəhbərləri, gənclər, YAP fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra ümummilli liderin adını daşıyan mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə ətraflı tanış olub, kitab sərgisinə baxıblar. Gənclər Mərkəzində keçirilən konfrans ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransı giriş sözü ilə açaraq geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, hər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, doğma Vətənlərinin tarixini zənginləşdirməklə bərabər onun dünya arenasında tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Bu baxımdan Azərbaycan xalqının əbədiyaşar lideri Heydər Əliyevin gördüyü işləri heç bir dövlət rəhbərinin gördüyü işlərlə müqayisə etmək olmaz. Heydər Əliyev Azərbaycanın o tarixi şəxsiyyətlərindəndir ki, daim xatırlanır, heç vaxt unudulmur və unudulmayacaqdır. Ona görə ki, o, öz xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri görmüş, ölkəsinin gələcək inkişaf yollarını düzgün müəyyən etmiş və cəmiyyəti bu yolun düzgünlüyünə inandıra bilmişdir. Heydər Əliyevin xidmətləri yalnız öz xalqlarının xilaskarı sayılan tarixi şəxsiyyətlərin xidmətləri ilə müqayisə oluna bilər. Ən başlıcası odur ki, o, öz xalqının müdrik rəhbəri kimi hər bir azərbaycanlını müstəqilliyimizin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa və yaşatmağa istiqamətləndirə bilmişdir. R.Babaşov bildirib ki, ulu öndər H.Əliyev Qazax rayonuna üç dəfə səfər etmişdir. İlk səfəri 1971, 1979 və 1998-ci illərdə Qazaxda olmuş, rayon sakinləri və ziyalıları ilə görüşmüşdür. Dahi şəxsiyyət həmin görüşdə qazaxlıları yüksək qiymətləndirərək söyləmişdir: "Siz, əziz qazaxlılar! Burada həm öz torpağınızı, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız". Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, Bakı Dövlət Universiteti Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev ”Heydər Əliyev və Azərbaycanda elmin inkişafı”, Qazax Dövlət Sosial İqtisadi Kollecinin baş müəllimi, YAP Qazax rayon təşkilatının Şura üzvü Tərlan Bədəlova ”Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", Qazax bələdiyyəsinin sədr müavini, YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvü, YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov “Heydər Əliyev və Azərbaycan gəncliyi", BDU Qazax filialının baş müəllimləri - Məmməd Yusifov “Heydər Əliyev ideya nəzəri irsində insan amili”, Mübariz Süleymanov isə ”Heydər Əliyev və ordu quruculuğu”, şəhər 4 saylı körpələr evi-uşaq bağçasının müdiri, YAP Qazax rayon təşkilatı Qadınlar şurasının sədri Asya Alhüseynova və şəhər sakini Nəzakət İsgəndərova “Heydər Əliyev və Azərbaycan qadını”, Statistika İdarəsinin məsləhətçisi, YAP Qazax rayon təşkilatı Kommuna kənd ərazi ilk partiya təşkilatının sədri Eltun Axundov “Heydər Əliyevin gəncliyə qayğısı” mövzularında məruzələrlə çıxış ediblər. Konfransın sonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat üzrə rayon turnirinin və məktəblilər arasında inşa yazı müsabiqəsinin qaliblərinə Diplom və mükafatlar təqdim olunub. Elçin İSMAYIL
Geri qayıt |