Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > “Qarabağın tam azadlığından savayı heç nəyə ehtiyacımız yoxdur”

“Qarabağın tam azadlığından savayı heç nəyə ehtiyacımız yoxdur”


5-11-2020, 10:08


Bu, bir oğlu şəhid, digəri cəbhədə olan əsgər anasının ürək sözləridir

Respublika mətbuatı Qazax haqqında

Azərbaycanın haqq savaşı ölkəmizin hərb tarixinə hər gün yeni səhifələr yazır. Bu gün xalqını, Vətənini, dövlətini sevən hər kəs "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyərək bu haqq savaşında əsl birlik, həmrəylik nümayiş etdirir. Kimliyindən, tutduğu mövqeyindən asılı olmayaraq hər kəs Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatları, yaşayış məntəqələrimizin bir-birinin ardınca düşmən işğalından azad edilməsini ruh yüksəkliyi ilə qarşılayır.

Əli silah tutan hər bir Azərbaycan övladı dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "İrəli!” əmrini canla-başla yerinə yetirir, Vətən qarşısında olan borcunu şərəflə yerinə yetirir. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazaxın igid, mərd oğulları da cəbhəyə könüllü gedənlərin sırasındadırlar. Belə oğullardan biri də Bənnayev Elvin Sabir oğludur.

Şəhid qardaşı olan Elvin Bənnayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin çağırışı ilə ön cəbhəyə yollanıb. Yollanıb ki, Qarabağı darda qoymasın və bir də 2002-ci ilin noyabrında Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuş qardaşı Vüqarın və onun timsalında bütün şəhidlərimizin qisasını alsın.

Ön cəbhədə döyüşən zabit və əsgərlərimizin ailə üzvlərinə diqqət ayırmaq, onlara qayğı göstərmək indi Qazax rayonunda ən vacib məsələlərdən birinə çevrilmişdir. Rayon İcra Hakimiyyəti belə ailələri daim diqqət mərkəzində saxlayır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsgər ailələrinin üzvlərini qəbul edir, onların arzu və təkliflərini dinləyir. Elə bu günlərdə RİH başçısı Elvin Bənnayevin anası və qızı ilə görüşmüş, onların qayğı və istəkləri ilə maraqlanmışdır.

Bir övladı şəhid olan, biri isə cəbhədə döyüşən Solmaz Bənnayeva ordumuzun qazandığı qələbələri böyük qürurla qarşıladığını bildirmiş, oğlu Vüqarın və onun timsalında bütün şəhidlərimizin qisasının alındığını, onların ruhlarının rahatlıq tapdığını vurğulamışdır. Yeri gələrsə, üçüncü oğlunun da ön cəbhəyə gedəcəyini deyən Solmaz ana Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun daha böyük zəfərlər çalacağına əminliyini söyləmişdir. Bir şəhid anası kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq edən Solmaz Bənnayeva Qarabağın tam azadlığından savayı, heç nəyə ehtiyaclarının olmadığını dilə gətirmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

5 noyabr 2020-ci il, səhifə 8.



Geri qayıt