Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, artıq bundan sonra biz öz torpaqlarımızın işğal edilməsi tarixlərini deyil, onların azad olunması tarixini dərsliklərimizdə qürur hissi ilə oxuyub öyrənəcəyik”

“Cənab Prezident, artıq bundan sonra biz öz torpaqlarımızın işğal edilməsi tarixlərini deyil, onların azad olunması tarixini dərsliklərimizdə qürur hissi ilə oxuyub öyrənəcəyik”


28-10-2020, 17:53

 

Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuz cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri bir sıra yaşayış məntəqələri ilə dövlətimizin və ordumuzun gücünü bir daha bütün dünyaya sübut edir. Hər gün qazanılan qələbə münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubları gündən-günə daha da artır. Hər gün ölkə başçısına sevinc, fərəh, qürur dolu saysız-hesabsız məktublar yazılır. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini də Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik. 

Minayə Məmmədovadan, 

Əziz və hörmətli Prezidentim, Ulu Öndərimizin yadigarı cənab İlham Əliyev.

27 il işğal altında olmuş torpaqlarımızın geri alınması naminə çəkdiyiniz əziyyətlərə, xalqımızın qürurunu, əzmini özünə qaytardığınıza görə Sizə bütün Qazax rayonu ağbirçəkləri adından, şəxsən öz adımdan minnətdarlığımı bildirirəm.

Allaha dua edirik ki, Sizin kimi üstün zəkalı, çoxşaxəli fəaliyyətə malik, Vətəni, milləti yolunda hər fədakarlığa hazır olan şəxsiyyəti Azərbaycan xalqına bəxş edib. Tanrı Sizə yar olsun!

Türkiyə - Azərbaycan qardaşlığını Allah daha da möhkəm etsin.

Hörmətlə,

Minayə Məmmədova

Azərbaycan Respublikası, Qazax rayonu.


Mələk Vəliyevadan, 

Əziz və hörmətli Prezidentimiz.

Mənim 11 yaşım var. Qazax şəhərindəki Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin altıncı sinif şagirdiyəm. Bir məktəbli olaraq Sizinlə fəxr edirəm. Çox sevinirəm ki, ölkəmizə Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Bizim ailəmiz Sizi daim dəstəkləyib və hər zaman Sizinlə qürur duymuşuq, fəxr etmişik.

Cənab Prezidentimiz, biz bilirik ki, hazırda Milli Ordumuz Sizin rəhbərliyiniz altında ölkəmizin ərazi bütövlüyü uğrunda gecə-gendüz yağı düşmənlə üz-üzə vuruşur. Ordumuzun ön cəbhədə erməni işğalçılarına qarşı sarsıdıcı zərbələr vurması nəticəsində bir neçə şəhər və kəndlərimizin, yaşayış məntəqələrimizin, yüksəkliklərin düşməndən azad edilməsi, qələbə xəbərləri məni bir məktəbli kimi çox sevindirir. Artıq bundan sonra biz öz torpaqlarımızın işğal edilməsi tarixlərini deyil, onların azad olunması tarixini dərsliklərimizdə qürur hissi ilə oxuyub öyrənəcəyik. Buna görə, cənab Prezidentimiz, öz adımdan və ailəmiz adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Yaşasın şanlı Azərbaycan! Yaşasın Ali Baş Komandanımız! Yaşasın Qarabağ!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Mələk Vəliyeva

Şagird

Azərbaycan Respublikası, Qazax şəhəri.


Geri qayıt