Cənab Prezident
İlham Əliyevin qayğısı
sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli
su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində görülən işlər
sürətlə davam etdirilir. Sevindirici hal isə odur ki, şəhərdə su və
kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilərdə abadlıq işləri də
aparılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələrə yeni asfalt
vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə
salınır, rənglənmə işləri görülür.
Hazırda şəhərin Heydər Əliyev prospektində, Firuddin
Şamoyev, Azadlıq, Bakı küçələrində su və kanalizasiya sisteminin
çəkilişləri yekunlaşan hissələrdə ikinci qat asfalt örtüyünün vurulması
yekunlaşıb. Yeni asfalt örtüyü çəkilmiş həmin ərazilərdə nəqliyyat vasitələrinin, piyadaların
rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada zolaqları, yolun hərəkət hissəsi ilə səki arasında isə
yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə
birlikdə yeni asfalt vurulmuş və abadlıq işləri aparılan ərazilərdə görülən
işlərlə tanış olub. İşlərlə yerində tanış olan rayon rəhbəri mövcud vəziyyətlə
maraqlanıb və aidiyyəti üzrə tapşırıqlarını verib.
Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi şəhərdə
su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd
Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə
abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərin istifadəsinə verilib. Bundan əlavə, şəhərdə böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində
su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaq üzrədir. İşlər başa çatan kimi
burada da abadlıq işləri aparılaraq yeni asfalt örtüyü vurulacaq.
Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş miqyas alması sakinlər
tərəfindən razılıq hissi ilə qarşılanır və buna görə ölkə Prezidenti İlham
Əliyevə minnətdarlıqlarını bildirirlər.
Azadlıq küçəsi
Bakı küçəsi
Firuddin Şamoyev küçəsi
Heydər Əliyev prospekti
GOYEZEN.AZ
Geri qayıt
|