Ümumdünya
Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVID-19) infeksiyasının qlobal
pandemiya elan olunduğunu nəzərə alan dövlətimiz tərəfindən virusun
yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə genişmiqyaslı tədbirlərin
həyata keçirildiyi hər kəsə yaxşı məlumdur. Dünya ölkələri arasında bu gün də
sürətlə yayılmaqda davam edən koronavirus infeksiyasına yoluxma hallarının
minimuma endirilməsi istiqamətində demək olar ki, bütün zəruri tədbirlər
görüldü və görülməkdə də davam edir. Respublika Prezidenti cənab İlham Əliyevin
bilavasitə rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargahın tövsiyə və tələblərindən irəli gələn təxirəsalınmaz
tədbirlərin nəticəsidir ki, koronavirusla mübarizənin birinci dalğasında uğurlu
nəticələr əldə etdik. Lakin son günlər
Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir, yoluxma
və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir,
sanitar-epidemioloji durum pisləşir. Bu günün statistikasına əsasən koronavirus
infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb. Bu isə o deməkdir ki,
koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından
əvvəl arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan və
dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib, ticarət,
məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq
insanları narahat etmir. Xüsusilə də, Ermənistanın növbəti təxribatı
nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan
koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Bu, həyəcan
təbilidir, ciddi təhlükədir. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət
nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin
tətbiq olunmasına qərar verilib.
Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da
qeyd olunan məsələnin ciddiliyinə, verilən tapşırıq və tövsiyələrə məsuliyyətlə
yanaşılır.
Bu
gün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun hüquq-mühafizə orqanları
rəhbərlərinin, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, idarə və təşkilat nümayəndələrinin
iştirakı ilə rayon ərazisində koronavirus infeksiyasına qarşı qabaqlayıcı
təhlükəsizlik tədbirlərinin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi
məqsədilə görüləcək işlər geniş şəkildə müzakirə olunub. Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi
Ədalət Əliyevin, Rayon Məhkəməsinin sədri Nemət Musayevin iştirakı ilə açıq havada təşkil olunmuş tədbirdə vətəndaşlarımızın,
bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımlara, görülən işlərə
dəstəyinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ
Qərargahın bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icra olunmasının
vacibliyi bir daha diqqətə çatdırılıb.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir
iştirakçılarını salamlayıb və son günlər Azərbaycan Ordusunun qazandığı
qələbələr münasibətilə səmimi ürək sözlərini çatdırıb. Başda ölkə Prezidenti,
Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına təbriklərini
çatdıran rayon rəhbəri bizi qarşıda daha böyük qələbələrin gözlədiyini
vurğulayıb. İcra başçısı bu
gün hər bir ölkə vətəndaşının koronavirusla mübarizədə fəal olmaqla, xüsusi
karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməklə COVID-19-la
mübarizədə bundan sonra da uğurlu nəticələrin əldə edilə biləcəyini bildirib.
Xüsusilə də bunun cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacib olduğunu
qeyd edib. Bildirib ki, indiki müharibə vəziyyətində koronavirusla mübarizə,
əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir.
Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə, əsgər və
zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən
qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. İcra başçısı vurğulayıb
ki, bu gün cəmiyyət olaraq qarşımızda duran əsas vəzifə xüsusi karantin
rejiminin qaydalarına birmənalı şəkildə riayət etmək, maska taxmaq, sosial
məsafəni və şəxsi gigiyenanı gözləməkdir. Bunun üçün də hər kəs üzərinə düşən
məsuliyyəti dərk etməli və dövlətə dəstək olmalıdır.
Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev və
Rayon Məhkəməsinin sədri Nemət Musayev çıxış edərək bu gün ölkəmizdə yaşanan
həssas bir vəziyyətə vətəndaşların daha məsuliyyətli olmalarını bildiriblər.
İstər koronavirusla mübarizə, istərsə də təhlükəsizliyin təmin olunması
sahəsində hər bir vətəndaşın öz məsuliyyətlərini dərk edərək diqqətli
olmalarını tövsiyə ediblər. Hər iki mübarizədə dövlətin həyata keçirdiyi işlərə,
verilən tapşırıq və tövsiyələrə ciddi şəkildə əməl etməklə öz töhfələrini
vermələrini bildiriblər. Ölkəmizdəki indiki vəziyyətdə, xüsusilə də hərbi
vəziyyət dövründə komendant saatının tətbiq edildiyi bir vaxtda hər kəsi daha
ayıq-sayıq olmağa çağırıblar.
Qazax şəhər Mehdi
Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə
Comərdova, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru
Yeganə Göyüşlü, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar
İbrahimov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Rayon Təhsil
şöbəsinin müdiri Nizaməddin Babanlı, "Qazax
Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək öncə Azərbaycan Ordusunun qazandığı qələbələrdən
söz açıblar. Cəbhədə əldə edilən nailiyyətlərə görə Ali Baş Komandan İlham
Əliyevi, ordumuzun əsgər, zabit heyətini və xalqımızı təbrik ediblər. Ölkə Prezidentinin yanında olduqlarını, ətrafında sıx
birləşdiklərini dilə gətiriblər. Ölkə başçısının rəhbərliyi altında şanlı
Ordumuzun qazandığı qələbələri sevinc hissi ilə qarşıladıqlarını söyləyiblər.
Qarşıda daha böyük zəfərlərin gözlədiyini və üçrəngli bayrağımızın işğaldan
azad olunmuş bütün ərazilərimizdə, eləcə də Qazaxın 7 kəndində sancılacağı
günün uzaqda olmadığını bildiriblər. Çıxış edənlər payızda tam
karantinə məruz qalmamaq üçün tətbiq olunan təhlükəsizlik tədbirlərinə ciddi şəkildə
riayət olunmasının vacibliyini qeyd ediblər. Hər bir vətəndaşın özünü qorumaq məsuliyyətinin
olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş,
ilk növbədə, üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməli və deyilənlərə əməl
etməlidir. Bunun üçün də tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin
və dezinfeksiya tədbirlərinin vacibliyi birmənalı şəkildə qəbul edilməli və əməl
olunmalıdır. Koronavirusa yoluxanların sayının əvvəlki tək minimuma enməsi üçün
hər kəs bu işdə səfərbər olmalı və üzərinə düşən işin öhdəsindən gəlməyə
çalışmalıdır.
Mübarizə tədbirlərinin vacibliyini qeyd edən Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha aidiyyəti
üzrə tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Geri qayıt
|