Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Sizə inanırıq, biz Sizinləyik”

“Cənab Prezident, Sizə inanırıq, biz Sizinləyik”


16-10-2020, 18:30


Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələri böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayan vətəndaşlarımız bunu ürək sözləri ilə də ifadə edirlər. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda yazırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik. 

Barat Vüsaldan, 

Möhtərəm Prezident,

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində silahımız kimi silah yoxdur. Bu silah siyasi, hüquqi və hərbi müstəvidə böyük müdrikliklə və hünərlə yaratdığınız milli birliyimizdir.

Həm döyüş meydanında, həm də masada mübarizəniz mübarək olsun. Biz şairlər və yazıçılar da Sizin əsgərlərinizik.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Qarabağ İlham Əliyevdir!

Hörmətlə,

Barat Vüsal,

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri,

Əməkdar incəsənət xadimi.

Azərbaycan Respublikası, Qazax şəhəri.

 

Roza Sarıyevadan, 

Hörmətli cənab Prezident.

Mənim həyat yoldaşım hərbçidir, ön xətdə yerləşən hərbi hissələrdən birində xidmət edir. Mən 2 azyaşlı qızımla Qazax şəhərində müvəqqəti məskunlaşmışam. Məskunlaşdığım evin dam örtüyü yararsız vəziyyətdə idi, bununla bağlı müraciət etdikdən sonra qısa zamanda dam örtüyü təmir edildi.

Bu çətin günlərdə hərbçi ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Bu qayğıkeş münasibəti bir çox kateqoriyalardan olan insanlar uzun illərdir görür və bu amil hazırda xalqımızda müşahidə olunan ruh yüksəkliyinin formalaşmasında öz sözünü demişdir.

Cənab Prezident, Sizə inanırıq, biz Sizinləyik.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Roza Sarıyeva

Azərbaycan Respublikası, Qazax şəhəri.


Geri qayıt