Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan: “Cənab Prezident, biz əminik ki, artıq böyük Qələbənin astanasındayıq. Bizə bu günləri yaşatdığınız üçün Sizə və şanlı Ordumuza minnətdarıq”

Vətəndaş məktubundan: “Cənab Prezident, biz əminik ki, artıq böyük Qələbənin astanasındayıq. Bizə bu günləri yaşatdığınız üçün Sizə və şanlı Ordumuza minnətdarıq”


13-10-2020, 12:30

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələri böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayan vətəndaşlarımız bunu ürək sözləri ilə də ifadə edirlər. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda yazırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik. 

Xasay Balayevdən, 

Möhtərəm Prezidentimiz.

AzərbaycanQarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır, imtiyazlı təbəqənin hüquqlarını müdafiə edir. Birliyin Qazax rayon filialı da Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin mənafelərini və hüquqlarını müdafiə edir, problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərir, onları öz ətrafında sıx birləşdirir.

Cənab Ali Baş Komandan, bu gün biz Qazax rayonumda yaşayan imtiyazlı təbəqə Azərbaycan Ordusunun cəbhə boyu göstərdiyi qəhrəmanlıqları, Sizin göstərdiyiniz iradə və əzmi, siyasi meydanda qələbənizi eşidib görərək sevinc və qürur hissi keçirir, fərəhlənirik. Biz keçmiş döyüşçülər Azərbaycanımızın ərazi bütövlüyünün bərpası və qorunmasında az da olsa iştirak etmiş, qazi olmuşuq. Bununla fəxr edirik. Çünki, Vətən uğrunda mübarizə çox müqəddəs amaldır.

Möhtərəm Prezident, Azərbaycanımızın müqəddəs bayrağının Xankəndidə, Şuşada dalğalanacağı günə çox az qalıb. Azərbaycanımızın işıqlı gələcəyi, bütövlüyü naminə Allah Sizi və ailənizi, Azərbaycan Ordusunu və xalqını qorusun.

Hörmətlə,

Xasay Balayev

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri

Azərbaycan Respublikası, Qazax şəhəri.

 

Müseyib Yusifovdan, 

Hörmətli cənab Prezident.

Sizin müdrik, uzaqgörən siyasətiniz və böyük zəhmətiniz hesabına, mərd oğullarımızın qəhrəmanlığı nəticəsində bu gün torpaqlarımızı işğaldan azad etməkdəyik.

Ordumuzun düşmənə tutarlı cavabları hər bir azərbaycanlı kimi məni də qürurlandırır. Bu günü biz çoxdan gözləyirdik. Bir təsərrüfat işçisi olaraq, çalışdığım Qazax Suvarma Sistemləri İdarəsinin kollektivi adından Sizi və xalqımızı qazandığımız uğurlara görə təbrik edirəm.

Biz əminik ki, artıq böyük Qələbənin astanasındayıq. Bizə bu günləri yaşatdığınız üçün Sizə və şanlı Ordumuza minnətdarıq.

Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Müseyib Yusifov

Azərbaycan Respublikası, Qazax rayonu, Kosalar kəndi.

 

Vələd Məmmədovdan, 

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi öz adımdan, Qarabağ döyüşlərində iştirak etmiş veteranlar adından, çalışdığım Qazax rayon Suvarma Sistemlərinin çoxsaylı işçiləri adından, yaşadığım Kosalar kəndinin ağsaqqalları adından salamlayır, Sizə uzun ömür, cansağlığı və bu böyük, şərəfli işinizdə nailiyyətlər arzulayırıq. Allah Sizə yar olsun.

Biz Sizin haqq işinizi həmişə dəstəkləyir və bəyənirik. Apardığınız daxili və xarici siyasəti ürəkdən alqışlayırıq. Yaxşı ki, varsınız.

İnanırıq ki, Sizin komandanlığınız altında mətin Ordumuz tezliklə Qələbə çalacaq, erməni faşistləri tərəfindən zəbt olunmuş torpaqlarımız qısa müddət ərzində azad olunacaq və üçrəngli Bayrağımız iftixarla doğma Qarabağda dalğalanacaqdır. Hamımız səbirsizliklə o günü gözləyirik.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Hörmətli Prezident, ürəyimiz xoş arzularla doludur, sadalamaqla bitməz. Siz Qarabağ Qələbəsi ilə öz adınızı tarixə qızıl hərflərlə həkk etmiş olacaqsınız.

Allah Sizə və müzəffər Ordumuza yar olsun!

Hörmətlə,

Vələd Məmmədov

Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Qazax rayonu, Kosalar kəndi.


Geri qayıt