Əsas Səhifə > Manşet / Gənclər > “Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları”
“Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları”2-05-2017, 12:58 |
Bu mövzuda Qazaxda tədbir keçirilibQazax rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə təhsil, səhiyyə işçiləri, gənclər, tələbələr, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Tədbirdə ilk öncə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən maarifləndirici film nümayiş olunub. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışıb. R.Babaşov çıxışı zamanı narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü vurğulayıb. Qazax rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev narkomaniya, dini radikalizm və erkən nikahın mənfi cəhətləri haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır. Sonra çıxışlar olub. RİHB Aparatında şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, doğum evinin baş həkimi Aynur Namazlı, rayonun baş narkoloqu Nahidə Osmanova və başqaları çıxış edərək narkomaniya, dini radikalizm və erkən nikahın törətdiyi bəlalardan söz açıblar. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qeyd edib ki, müşavirədə müzakirə olunan məsələlərə qarşı mübarizə bütün ictimaiyyətin vəzifəsidir. Elçin İSMAYIL
Geri qayıt |