Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Sərhəddə mətin, arxa cəbhədə fədakar Qazax

Sərhəddə mətin, arxa cəbhədə fədakar Qazax


10-10-2020, 09:30

Respublika mətbuatı Qazax haqqında


Bu şəkillər oktyabrın ötən günlərində çəkilib. Qazax həmişəki həyatını yaşayır. Yenə yol çəkilir, abad məhəllələr salınır, məktəb, uşaq bağçası tikilir...

Mənfur qonşularla 168 kilometr sərhəddə yaşayan qazaxlılar bir tərəfdən ordumuzla birlikdə doğma torpaqlarımızı qoruyur, digər tərəfdən arxa cəbhədə fədakarlıq göstərir, əkir, biçir, abadlıq-quruculuq işləri ilə məşğul olur, yol salır, yeni sosial obyektlər ucaldır. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunun 12 kəndi işğal olunmuşdur. İşğal edilmiş 12 kənddən 5-i ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra geri qaytarılmışdır. Hazırda 7 kənd işğal, 13 kənd isə erməni hərbi birləşmələrinin atəşi altındadır. Qazax indiyədək 288 şəhid vermiş, 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bu faktları və rəqəmləri ona görə bir daha xatırladırıq ki, Qazax əhalisi ən ağır günlər yaşayıb, döyüşüb, torpaqları uğrunda şəhidlər verib, lakin heç vaxt sarsılmayıb, məğrur dayanıb, arxa cəbhədə də fədakarlıq göstərib və düşmənin xain həmlələri onları heç vaxt qorxutmayıb.

Elə bu gün, Vətən müharibəsi dövründə Qazax yenə böyük bir tikinti meydançasını xatırladır. Burada yeni asfalt yolların çəkilməsi, çoxmənzilli yaşayış binalarının təmir olunması, abad məhəllələr salınması, məktəb binaları, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması bunu bir daha təsdiq edir. Şəhərdə böyük bir layihənin - su və kanalizasiya xəttinin çəkilişi də uğurla həyata keçirilir.


Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu günlər tez-tez sərhəd kəndlərinə getməsi, sakinlərlə görüşməsi, ordumuzun cəbhədəki uğurlarından, Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin qətiyyətindən söhbət açması adamların ruh yüksəkliyini daha da artırır.

...Qazaxa hara baxırsan iş gedir. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır və digər abadlıq işləri görülür. Budur, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə birlikdə su-kanalizasiya xəttinin çəkilişi yekunlaşan və yeni asfalt vurulan Əliağa Şıxlinski küçəsi ilə Bakı küçəsinin kəsişməsində görülən işlərlə tanış olur. Həmişəki kimi, rayon rəhbəri yenə də bütün işlərin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir, lazımi tapşırıqlarını verir.

Məlumat üçün qeyd edək ki, bu günə kimi şəhərdə 12 küçəyə asfalt vurulmuş, 14 yaşayış binasının həyətində "Abad məhəllə” salınmışdır.


Qazaxda sosial layihələrin icrası bir gün də olsun dayanmayıb. Şəkildə gördüyünüz bu bina isə dövlət proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binadır. Bir qədər əvvəl, sentyabrın 15-i günü Kosalar kənd orta məktəbi üçün 1176 yerlik gözəl bir bina tikilib istifadəyə verilib ki, o da Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərsəyə gəlib. İş icraçısı Elnur Verdiyev deyir ki, düşmənin bağrını yaran təkcə bizim müasir silahlarımız deyil, həm də belə tikililərimizdir. Sarıvəlli kənd orta məktəbinin inşasına bu ilin yanvar ayında başlamışıq. Tezliklə istifadəyə verəcəyik. Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır.


…Qazaxda görülən işlər onu göstərir ki, arxa cəbhədəki uğurlarımız da ön cəbhədəki kimi dayanmaq bilmir, daha da genişlənir. Qazaxlılar inanır ki, torpaqlarımız tezliklə düşməndən tamamilə azad olunacaq və onlar Azərbaycanın "Qərb qapısı”nda da atəşfəşanlıq edəcəklər.

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

10 oktyabr 2020-ci il



Geri qayıt