2020-ci il sentyabrın
27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq
normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən
ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan
Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu,
nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu,
bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum
əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ölkəmizdə
"Hərbi
vəziyyət elan edilməsi haqqında” 27 sentyabr 2020-ci il tarixli Fərman
imzalayıb. Elə həmin gün Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
iclas keçirildi və "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin Fərmanı səsə qoyularaq təsdiq edildi.
Bu Fərmanın imzalanması Azərbaycanda xalq, dövlət, ordu birliyinin
növbəti təzahürü oldu.
Bu gün tam əminliklə deyə bilərik ki, hərbi vəziyyətin ölkədə elan olunması təkcə
yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və
ordu birliyinə də işarə edir.
Hərbi vəziyyət elan
edilməsi ilə eyni zamanda erməni təxribatlarına
adekvat cavab verildi. Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına
adekvat cavab olmaqla yanaşı, xalq-ordu birliyinin əyani göstəricisi oldu. Yaşından
və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya
yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut
edir.
Hərbi vəziyyət həm də Ermənistanın işğal siyasətinə cavabdır. Ölkədə
hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman
erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.
Ölkəmizdə hərbi vəziyyətin elan edilməsi həmçinin bizim vətəndaş məsuliyyətimizi
də artırır. Bu gün kimliyindən, tutduğu vəzifədən və mövqeyindən asılı
olmayaraq "Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq
hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Bunu hər bir ölkə vətəndaşı dərk
etməli, dövlətinin, xalqının və ordusunun yanında olduğunu üzərinə düşən məsuliyyəti
layiqincə yerinə yetirməklə nümayiş etdirməlidir.
Ölkədə
hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən
Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış
siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə
hazır olması barədə mesajdır. Bu mesajla bütün dünya həm də bir daha şahidi
olur ki, Azərbaycan dövləti bəyan
etdiyi dəyərlərə sadiqdir. Azərbaycan Ermənistandan fərqli olaraq
işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün
dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin
dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz
ədalətli müharibəsini aparır.
Bu gün əminliklə söyləyə bilərik ki, hərbi vəziyyət milli birliyə
çağırışdır.
Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin
şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin
Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı
milli birliyinin ən ali təcəssümüdür.
Seçim edilib, siyasi qərar qəbul olunub. "Hərbi vəziyyət
elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət
edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu
seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.
GOYEZEN.AZ
Geri qayıt
|