Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”


28-09-2020, 10:05


Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Lakin Milli Ordumuzun qətiyyəti sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Milli Ordumuzun çevikliyi və peşəkarlığı imkan verir ki, ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilir və onların hərəkət trayektoriyasına nəzarət aparılır.
Ölkəmizdə yaşanan çətin bir vaxtda, həssas bir zamanda Azərbaycan hökuməti və Milli Ordu xalqımızı təxribatlara uymamağa çağırır. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir. Bu səbəbdən əhali hadisələri izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir. Hər birimiz vətəndaş olaraq bu sahədə üzərimizə düşən işin məsuliyyətini dərk etməli, ordumuzun yanında olmalı, qoyulan tələbləri, verilən tapşırıqları birmənalı şəkildə yerinə yetirməliyik.

Bu gün tam əminliklə deyə bilərik ki, sentyabrın 27-də cəbhə boyu baş verən hadisələr bəraəti olmayan insidentdir. 27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşməndən fərqli olaraq Azərbaycan məsuliyyətli ölkədir, Milli Ordumuz mülki əhalini atəşə tutmur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. 27 sentyabr tarixində baş vermiş hadisələr bunun sübutudur. Milli Ordumuz mülki əhalini atəşə tutmur və bunu bütün dünyaya nümayiş etdirir.

27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir. Ermənistanda rasizm siyasəti yürüdülür. Erməni hökuməti öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atır. Danışıqların pozulması ermənilərin əsas hədəflərindəndir. Açıq danışıqlardan qaçan Erməni hökuməti münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəllər yaradırlar.

Erməni təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik edir. Respublika Prezidenti İlham Əliyev Ermənistanın hərbi təxribatlarına cavab olaraq xalqa etdiyi müraciətində də bu barədə danışıb. Ölkə başçısı vurğulayıb ki: "İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar”.

 

Təxribatlar təkcə cəbhədə yox, Yerevanın siyasi bəyanatlarında da öz əksini tapır. Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq ictimaiyyəti düşündürməlidir. Danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir. Danışıqlardan və münaqişənin sülhlə həlli yolundan qaçan Ermənistan bunu öz çirkin əməli ilə hər zaman sübut edir.Bütün təxribatlar və bəyanatlar bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyirlər. Xalqa müraciətində bu haqda danışan dövlətimizin başçısı qeyd edib ki: "Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, "Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, "Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır.

Təxribatlar Yerevanın rəsmi siyasətidir. Ermənistanın tarixi falsifikasiya və müxtəlif təxribatlar üzərində qurulub. Könüllü hərbi birləşmələrin yaradılması məhz həmin siyasətin davamıdır. Ermənistan tərəfindən yürüdülən qanunsuz məskunlaşma siyasəti isə regiona təhdid yaradan siyasətdir. Ermənilər tərəfindən müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa gətirilməsi regionun gələcəyini sual altına qoyur. Bu isə o deməkdir ki, ikili siyasət davam edir. 30 ilə yaxın bir dövrdə beynəlxalq qətnamələr kağız üzərində qalıblar. Azərbaycan haqq yolundadır. Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa hazırdır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də müraciətində qeyd etdiyi kimi: "Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

GOYEZEN.AZ


Geri qayıt