Son illər ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata
keçirilən məqsədyönlü tədbirlər Qazaxda da uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmirinin və ya tikintisinin salınması da bunun əyani
sübutudur. Bu, Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə olan qayğının
daha bir bariz nümunəsidir.
Hər
kəsə o da yaxşı məlumdur ki, 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev
Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial
və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət
quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini
verir. Öz
fəaliyyətində təhsil sahəsini, bu sahənin inkişafını prioritet götürən Heydər
Əliyev Fondu dövlətin sosial-iqtisadi inkişafa istiqamətlənən proqramlarına
dəstək verərək müxtəlif layihələr reallaşdırır. Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı
"Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə
dəstək” layihələri də ölkəmizdə təhsilin inkişafında
mühüm əhəmiyyət daşıyır. Məhz bu layihələr çərçivəsində ölkəmizin hər yerində
çoxsaylı məktəb binaları, körpələr evi-uşaq bağçaları inşa olunur.
Sevindirici
haldır ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxlı məktəblilər də
Mehriban xanım Əliyevanın diqqət və qayğısını hər an hiss edir. Təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda bir
məktəb üçün yeni binanın tikilməsi, digər bir məktəbin isə əsaslı şəkildə yenidən
qurulması bu dediklərimizin əyani göstəricisidir. Həmin məktəblərdən biri Sarıvəlli
kənd tam orta məktəbidir ki, bu məktəbin həyətində 220 şagird yerlik yeni bina
inşa olunur. Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar
kənd tam orta məktəbidir ki, artıq həmin məktəb Heydər Əliyev
Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulub.
Əsaslı təmirinə ötən il iyul ayının ortalarından başlanılan məktəbdə
son tamamlanma işləri aparılır. Məktəbin ümumi sahəsi 25 min kvadratmetr, bina
sahəsi isə 5500 kvadratmetrdir. Məktəb binası 2 korpusdan ibarətdir. Birinci
korpus üçmərtəbəli, ikinci korpus isə ikimərtəbəlidir.
Məktəbin həyətində girişdə sağ tərəfdə Vətən uğrunda canından keçən
Kosalar kəndindən olan şəhidlərimizin xatirəsini əbədiləşdirən abidə yerləşir
ki, burada şəhidlərin şəkli əks olunmuş lövhə vurulub. Sol tərəfdə isə Xalq
yazıçısı İsmayıl Şıxlının büstü qoyulacaq.
Birinci korpusun birinci mərtəbəsində bir-birindən gözəl guşlər göz
oxşayır. Sol tərəfdə ulu öndər Heydər Əliyevin uşaqlara olan qayğısını və qiymətli
sözlərini əks etdirən guşə ilk andan diqqəti cəlb edir. Sağ tərəfdə Respublika
Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezdent Mehriban xanım
Əliyevanın gələcəyimiz olan uşaqlara göstərdikləri diqqət və qayğını özündə əks
etdirən guşə yer alır. Bundan əlavə, Dövlət rəmzlərimiz haqqında məlumat lövhəsi
vurulub. Məktəbdə bu gün adını daşıdığı Xalq yazıçısı İsmayıl Şıxlının həyat və
yaradıcılığını, yazmış olduğu əsərlərin adlarını özündə əks etdirən guşəyə də yer
ayrılıb.
Birinci mərtəbədə 10 sinif otağı, kimya və laboratoriya otağı, hərbi
sinif otağı, qarderob yerləşir. İkinci mərtəbədə sinif otağlarının sayı 8-dir.
Burada fizika və laboratoriya otaqları, müəllimlər otağı, tibb
otağı-psixologiya otağı yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya
və laboratoriya otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə
yerləşir. Qeyd edək ki, hər mərtəbədə müəllim və şagirdlər üçün ayrıca sanitar
qovşaq var.
İkinci korpusun
birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə otağı
(duş otağı), oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün yeməkxana,
mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif otağı, 140 nəfərlik
akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı, xarici dil müəllimlərinin
otağı, arxiv yerləşir. Həmçinin, məktəb binası daimi isti və soyuq su, elektrik
və istilik sistemi ilə təmin edilib. Binanın daxilində və ərazidə videomüşahidə
kameraları quraşdırılıb.
Məktəbin arxa tərəfində
iki böyük idman meydançası diqqəti cəlb edir. Müasir standartlara cavab verən yeni məktəbdə futbol
və basketbol meydançası yaradılıb. Kənd sakinlərinin, xüsusilə də idmançıların,
güləşçilərin istəyini nəzərə alaraq arxa hissədə məktəbin həyətində əlavə
olaraq güləş zalı da tikilib. Bundan başqa, məktəb binasının arxa hissəsində
hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, 1 ədəd içməli su
hovuzu, nasosxana, qazanxana və sanitar qovşaqları da inşa edilib.Məktəbin
həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt
döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub.
Məktəbdə 608 nəfər
şagird təhsil alacaq ki, onların təlim-tərbiyəsi ilə 59 nəfər müəllim məşğul
olacaq. 20 nəfər texniki işçi çalışacaq. Sinif komplektinin sayı 27-dir.
Məktəbin direktoru Samir
Hüseynov ötən il Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə
onun adını daşıyan Kosalar məktəbinin əsaslı şəkildə yenidən qurulmasını müəllim
və şagirdlərin bu gün də böyük razılıq hissi ilə qarşıladıqlarını bildirir. S.Hüseynov
qeyd edir ki, məktəbdə görülən işlərin keyfiyyəti də gözümüzdən yayınmadı. Heydər
Əliyev Fondunun həyata keçirdiyi layihələrin yüksək səviyyədə icra olunduğunu
eşitmişdik, Kosalar kənd tam orta məktəbində görülən işlər, yaradılan şərait
sayəsində bir daha izlədik, şahidi olduq. Mehriban xanımın təhsil sahəsinə olan
qayğısını əldə rəhbər tutan podratçı təşkilat, eləcə də bütün işçilər işləri
yüksək səviyyədə həyata keçirdilər. Necə deyərlər, bizim dilimizlə desək
gördükləri işdən gül ətri gəlir. Bu gün bütün kənd sakinləri, məktəbin müəllim-şagird
kollektivi, eləcə də valideynlər Mehriban xanıma və Heydər Əliyev Fondunun əməkdaşlarına
öz dərin minnətdarlığımızı bildiririk. Məktəbin tikintisini uğurla həyata keçirən
şirkət rəhbərliyi başda olmaqla, tikintidə əməyi keçən, öz işlərinin öhdəsindən
layiqincə gələn bütün işçilərə sonsuz təşəkkürümüzü çatdırırıq.
Onu da qeyd edək ki, Qazaxda Təhsil Nazirliyi
tərəfindən daha bir məktəb - Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb
üçün də 180 şagird yerlik yeni bina inşa olunur. Həmçinin, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət
fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanan 5 mart,
daha sonra məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanmış Sərəncama
dəyişiklik edilərək sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il
tarixli Sərəncama əsasən məktəb-lisey üçün də yeni bina inşa ediləcək. Bütün
bunlar Qazax təhsilinə və gələcəyimiz olan uşaqlara olan dövlət qayğısı deməkdir.
Bu gün hər bir qazaxlı təhsil işçisi təhsil sahəsinə göstərilən diqqət və
qayğıya görə ölkə başçısına və Birinci vitse-prezidentə sonsuz təşəkkürlərini ifadə
edirlər.
Sinif otaqları
Kimya otağı
Fizika otağı
Biologiya otağı
İnformatika otağı
Akt zalı
Kitabxana
Oğlanlar üçün əmək otağı
Qızlar üçün əmək otağı
Hərbi sinif otağı
Müəllimlər otağı
Yeməkxana
İdman zalı
GOYEZEN.AZ
Geri qayıt
|