Bu gün mənim, sənin, bizim, hər birimizin
qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. O Vətən
sevgisi ki, insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir
ümmandır. Hər birimiz yurdumuza sadiq və layiqli ölkə vətəndaşı olmaq üçün
əlimizdən gələni əsirgəməməliyik. Biz hamımız bu ölkənin vətəndaşıyıq, biz
Azərbaycanımızı çiyinlərimizə qaldırıb, işıqlı sabahlara, aydın gələcəyə
aparmalıyıq. Ən əsası da mənfur düşmənlərimizi qəlbimizdəki Vətən sevgisinin,
Vətən məhəbbətinin atəşi ilə məhv etməliyik və edəcəyik də... Məhz bu amal
uğrunda neçə igid Azərbaycan övladı canından keçərək vətənpərvərliyin ən ali məqamı olan Şəhidlik
zivəsinə ucalıb, qəhrəmanlıqlarla dolu olan uca bir zirvəyə yüksəliblər.
Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə
atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü
uğrunda 288 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı
adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhədi olan rayonun Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım,
Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5
kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.
Bu gün Qazaxın igid və mərd oğullarını bir amal, istək
birləşdirir. O istək ki, Azərbaycanın işğal altında olan rayonlarını, eləcə də
Qazaxın işğalda olan 7 kəndini düşmən tapdağından azad etmək. Ən son bu il iyulun 13-dən 14-nə keçən
gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu
istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən
rayonunun Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da
qəhrəmancasına şəhid olaraq bir daha sübut etdi ki, Qazaxın igid,
mərd oğulları hər zaman olub və bundan sonra da olacaq...
Bugünkü qəhrəmanımız
da Vətən sevdalı, yurd, el-oba qayğısı çəkən igid oğullardan biridir. Haqqında
söhbət açdığımız qəhrəmanımız Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən
döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən yaralanmış çavuş
İsmayılov Səyyar Şərif oğludur. O, 24 may 1983-cü ildə Qazax rayonunun Dəmirçilər
kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1990-2000-ci illərdə Emin Qurbanov
adına Dəmirçilər kənd tam orta məktəbin onuncu sinfini bitirib. 2001-ci ildə Azərbaycan
Silahlı Qüvvələrində xidmət etmək üçün həqiqi hərbi xidmətə çağırılıb. 2003-cü
ildə ordudan tərxis olunan Səyyar İsmayılov Vətəninin, soydaşlarının başına gətirilənlərlə,
işğalda olan torpaqlarla heç cür barışa bilməyib. Vətən sevgisi, yurda olan
bağlılığı onu da digər Azərbaycan övladları kimi yenidən döyüşə səsləyib.
Ordudan qayıtmasından bir neçə il keçməsinə baxmayaraq o, 2008-ci ildə könüllü
olaraq yenidən Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Bu gün çavuş rütbəsində Vətənin keşiyində dayanan Səyyar İsmayılovu döyüşün çətinliyi,
gərginliyi heç vaxt qorxutmur. Döyüş başlayan anda o, da hər kəs kimi öndə getməyi
özünə borc bilir.
Xidmət etdiyi
müddətdə onun Vətənimiz üçün göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək
qiymətləndirilib. Dəfələrlə müxtəlif illərdə nümunəvi hərbi xidmətinə, döyüş
xidmətinin təşkilində və ictimai-siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərinə,
eləcə də əlamətdar günlərə görə Fəxri Fərmanlara layiq görülüb. "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, "Azərbaycan Ordusunun 100 illiyi
(1918-2018)” yubiley və "10 il qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla
təltif olunub.
2016-cı ilin
Aprel döyüşlərində iştirak edərək yaralanan Səyyarı aldığı ağır yaralar belə
istəyindən, amalından döndərə bilməyib. Qarşıya qoyduğu məqsədə, Vətən
torpaqlarını azad etməyə verdiyi sözü tutmaq üçün yenidən orduya qayıdıb, istənilən
döyüşdə yenə də öndə getməyi, vuruşmağı özünə ən müqəddəs borc bilib. Bəlkə də
onda bitib tükənməyən bu istək iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz
rayonu istiqamətində gedən döyüşlərdə igidlik göstərməsinə, ölümü belə gözə
almasına, vuruşmağa səsləyib. Və o, döyüş zamanı düşmən hücumunun qarşısını
alarkən ağır yaralanır. Çox şükürlər olsun ki, bu gün S.İsmayılov artıq
ailəsinin, övladlarının, onu sevən insanların əhatəsindədir. Bu döyüşdən də
ölümün gözünə dik baxaraq alnıaçıq şəkildə çıxamağı bacardı. Bu gün o, yeni
arzu ilə - sağaldıqdan sonra öz döyüş yoldaşlarının yanına qayıtmaq, onlarla
birlikdə çiyin-çiyinə yenidən döyüşmək arzusu ilə yaşayır. "Tovuz döyüşləri
düşmənə Azərbaycan Ordusunun gücünü, qüdrətini, həm də düşmənə layiqli yerini
göstərdi”, - deyən S.İsmayılov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
"İrəli!” əmrini hər an yerinə yetirməyə hazır olduğunu bildirir. "İlk işim
sağaldıqdan sonra yenidən orduya qayıtmaq olacaq”, - deyən Səyyar bunun üçün
günləri saydığını qeyd edir.
S.İsmayılovun yaxında gerçəkləşdirmək
istədiyi bir arzusu da var. O, onunla birlikdə Tovuz döyüşlərində iştirak etmiş
və qəhrəmancasına şəhid olmuş, mayor Namiq Əhmədovun məzarını rayon rəhbərliyi
ilə birlikdə ziyarət etməyi, ona olan ürək sözlərini çatdırmağı arzulayır.
Səhhətim yaxşılaşan kimi ilk işlərimdən biri də məhz bu arzunun reallaşması
olacaq deyir.
S.İsmayılov qeyd edir ki, bir hərbçi kimi
fərəhləndim, qürurlandım ki, arxamızda dövlətimiz və ölkə rəhbərimiz dayanıb.
Dövlətin, dövlət başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən
S.İsmayılov xəstəxanada olduğu müddətdə bir daha bunun şahidi olduğunu dilə
gətirir. O, xəstəxanada olan zaman ailəsinə baş çəkən, dəstək olan rayon
rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə minnətdarlığını bildirir.
S.İsmayılov həkimlərimizə minnətdarlıq etməyi də unutmadı. O, həkimlərimizdən Roman
Çobanova, Niyaməddin Ağamalıyevə, Anar Məmmədova,
Səxavət Hüseynova, eləcə də adlarını çəkə bilmədiyi həkimlərimizə, tibb
işçilərimizə yaralı əsgər və zabitlərimizə göstərdikləri qayğıya, şəfqətə görə
təşəkkürlərini çatdırır.
2 qız, 1 oğul atası olan S.İsmayılov
övladarını da vətənpərvər ruhda tərbiyə edir. Onlara Vətəni sevməyi, elə-obaya
bağlı böyüməyi tövsiyə edir. Vətəni, torpağı sevməyən insandan ölkə
vətəndaşının olmadığını aşılayır.
Hərbçimizin qardaşı Sərdar İsmayılov bu gün
qardaşının sağ-salamat öz ailəsinin yanına qayıtmasına görə göydə uca Yaradana,
yerdə isə həkimlərimizə minnətdarıq deyir. "Atamın arzusu bizləri həbçi görmək
idi. Hər nəsihətində bizlərə Vətəni sevməyi, orduda nümunəvi olmağı tövsiyə
edərdi. Bu gün atamın arzularını qardaşım reallaşdırır”, - deyən Sərdar
İsmayılov qardaşı ilə fəxr etdiyini qeyd edir. "Bu gün hər birimiz bir
nəfər kimi Vətən, el-oba uğrunda döyüşməyə hazır olmalıyıq. Necə ki, qardaşım
da, mən də Vətən yolunda canımızdan keçməyə hazırıq”. – deyir.
Ürəyi Vətən eşqi ilə
döyünən hərbçimiz, çavuş Səyyar İsmayılovun və qardaşının saytımıza verdikləri
müsahibəni və səmimi ürək sözlərini oxucularımıza təqdim edirik.
GOYEZEN.AZ
Geri qayıt
|