Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > QAZAX: Namiq Əhmədovun şəhidlik zirvəsinə ucaldığı vaxtdan 40 gün keçdi...

QAZAX: Namiq Əhmədovun şəhidlik zirvəsinə ucaldığı vaxtdan 40 gün keçdi...


26-08-2020, 09:24

Respublika mətbuatı Qazax haqqında


İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 40 gün ötür.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının işçiləri, millət vəkilləri Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və digər rəsmi şəxslər şəhidin evinə gəlmişlər. Onlar Namiq Əhmədovun xatirəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildirmişlər. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun qanının yerdə qalmayacağını, qisasının alınacağını bir daha vurğulamışlar. Qeyd olunmuşdur ki, bu gün respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun "İrəli!” əmrini gözləyən güclü, qüdrətli Azərbaycan Ordusu var və həmin ordunun zəfər çalacağı tarixi gün, üçrəngli Azərbaycan bayrağının həmin torpaqlarda dalğalanacağı an elə də uzaqda deyil.

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

Daha sonra qonaqlar şəhidimizin rayon rəhbərliyi tərəfindən təmiri başa çatdırılan evində görülmüş işlərlə tanış olmuşlar.


Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

26 avqust 2020-ci il



Geri qayıt