Əsas Səhifə > Manşet / Rəsmi > Ağköynək kənd sakinlərinin müraciətinə yerində baxılıb

Ağköynək kənd sakinlərinin müraciətinə yerində baxılıb


8-08-2020, 16:54


Son illər dövlətin, dövlət başçısının yürütdüyü sosial-iqtisadi siyasət belə deməyə əsas verir ki, dövlət siyasətinin daim ana xəttini vətəndaş amili təşkil edir. Həyata keçirilən bütün layihələr, tədbirlər, atılan addımlar məhz vətəndaşların rahatlığına, onların məmnunluğuna hesablanır. Ölkə Prezidenti cənab İlham Əliyev istər icra hakimiyyəti başçılarını, istərsə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən də çıxışlarında bunu hər dəfə vurğulayır. Xüsusilə də ölkə rəhbərinin dövlət məmurları haqqında söylədiyi fikirlərdən aydın şəkildə görmək olur ki, Azərbaycanda vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə başçısının dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də bunu əyani şəkildə sübut edir.

Qazaxda da vətəndaş amili əsas götürülür, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı şəkildə icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini iş fəaliyyətinin əsası hesab etməsi də bunun əyani sübutudur. Məhz bu səbəbdən rayonda vətəndaş-məmur münasibəti dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. İllər öncə formalaşan bu münasibət, arada olan hörmət və istək bu gün də o qaydada davam etdirilir. Bunu icra başçısının sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğısından, şəhər və kəndlərdə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup Ağköynək kənd sakininin müraciətinə əsasən həmin kənddə olub. Vətəndaşların kənd qəbiristanlığı, subartezian quyusunun qazılması və su məsələsi ilə bağlı müraciətlərini yerində dinləyən icra başçısı qeyd olunan məsələlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Kənd sakinlərindən Nazim Əliyev, Saday Cümşüdov, Akif Musayev, Hümbət Poladov və başqaları onların istəyini nəzərə alıb müraciətlərinə həssaslıqla yanaşdığına, qeyd etdikləri məsələlərin həlli ilə bağlı verdiyi tapşırıqlara görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.  

GOYEZEN.AZ


Geri qayıt