Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs
Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və
diləklərimi yetirirəm.
İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi
olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu
əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini
yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş
etdirirlər.
Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban
ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan
nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin
günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.
Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi
dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə
çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə
təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını
layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və
bərabərlik ovqatını daha da gücləndirirlər.
Əziz bacı və qardaşlarım!
Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir,
onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın
firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə
etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.
Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə
cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2020-ci
il.
Geri qayıt
|