Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda uşaq bağçalarının yenidən qurulması davam edir
Qazaxda uşaq bağçalarının yenidən qurulması davam edir26-07-2020, 16:36 |
Respublika mətbuatı Qazax haqqında
Bu gün tam əminliklə söyləyə bilərik ki, gələcəyimiz olan uşaqlarla bağlı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyi tərəfindən uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinin uğurla icra olunması, uşaq problemlərinin həllinə yönəldilmiş çoxsaylı dövlət proqramlarının qəbul edilməsi, respublikamızın bütün bölgələrində yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşa edilməsi bir daha sübut edir ki, bu sahə prioritet istiqamətlərdən birini təşkil edir. Dövlət başçısının qayğısı sayəsində ölkəmizdə aparılan abadlıq və quruculuq işləri respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da geniş vüsət alıb. Bu gün böyük bir tikinti meydançasını xatırladan rayonda elə bir sahə yoxdur ki, orada yeniliyin, aparılan tikinti və quruculuq işlərinin şahidi olmayasan. Diqqət çəkən məqamlardan biri isə odur ki, Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə alması istiqamətində də məqsədyönlü işlər görülür. Bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlərin sayı ildən-ilə artır. Hazırda rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhərdə, 19-u kəndlərdədir) 20-sinin müasir tələblər səviyyəsinə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Sevindirici haldır ki, ötən illərdə olduğu kimi, bu il də bağçaların tikintisi və ya əsaslı təmir olunması ardıcıllıqla davam etdirilir. Rayonda təmirə ehtiyacı olan bağçalardan biri də Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır ki, artıq burada da əsaslı təmir və yenidənqurma işləri üçün hazırlıq işlərinə başlanmışdır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti idarələrin rəhbərləri ilə birlikdə həmin bağçada olmuş, binanın boşaldılması və əsaslı şəkildə yenidən qurulması üçün görüləcək işlərlə bağlı tapşırıqlar vermişdir. Bağçanın müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulması xəbərini tərbiyəçilərin, valideynlərin, eləcə də uşaqların böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib. Bağçanın təmir olunmasına görə rəhbərlik etdiyi kollektiv adından dövlət başçısı İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib. Kənd ağsaqqalı Cavanşir Rüstəmov da Kosalar kənd yolunun çəkilməsinə, məktəbin və kənddə yerləşən iki uşaq bağçasının yenidən qurulmasına görə sakinlər adından razılıq edib. O, təmirə ehtiyacı olan bu bağçanın yenidən qurulmasını gələcəyimiz olan uşaqlarla yanaşı, Kosalar kənd sakinlərinə olan növbəti qayğı kimi də dəyərləndirib. Bu gün Kosalar kəndinin rayonun ən abad kəndlərindən biri olduğunu qeyd edərək görülən işləri yüksək qiymətləndirilıb. Daha sonra rayon rəhbəri bağçanın qarşısında yerləşən 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının və kənd şəhidlərinin xatirəsini əbədiləşdirən abidələrə baxış keçirib. Mövcud vəziyyətlə tanış olan icra başçısı bu abidələrdə görüləcək işlərlə bağlı tapşırıqlar verib. Qeyd: Onu da qeyd edək ki, yazıda söhbət açılan bağçada artıq təmir işlərinə başlanılıb. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 26 iyul 2020-ci il
Geri qayıt |