Əsas Səhifə > Manşet / Rəsmi > Tovuz rayonunda kəndlərdə yaşayan mülki əhaliyə dəymiş ziyanla bağlı sərəncam imzalanması dövlətin vətəndaşına olan növbəti qayğısıdır

Tovuz rayonunda kəndlərdə yaşayan mülki əhaliyə dəymiş ziyanla bağlı sərəncam imzalanması dövlətin vətəndaşına olan növbəti qayğısıdır


23-07-2020, 22:54


Bildiyiniz kimi, iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan dövləti və ölkə Prezidenti cənab İlham Əliyev öz vətəndaşını çətin anda tək qoymadı. Hər zamankı kimi, bu dəfə də dövlət qayğısını əsirgəmədi, vətəndaşlarının yanında oldu. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 20 iyul 2020-ci il tarixli sərəncamın imzalanması bir daha onu göstərdi ki, ölkəmizdə vətəndaşın arxasında güclü Azərbaycan dövləti dayanıb. Bu sərəncamla ölkə başçısı bir daha sübut etdi ki, Azərbaycan dövləti hər zaman ən çətin məqamda öz vətəndaşının yanında olub və bundan sonra da olacaq. Həmin sərəncam ölkə rəhbərinin vətəndaşına olan növbəti qayğısı deməkdir.

Həmin sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Artıq Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrupu yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar.

Həmçinin, vəziyyətlə bilavasitə yerində tanış olmaq üçün hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır.

Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Onu qeyd edək ki, əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

İşlərin gedişinə gəlincə birbaşa dövlət başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq.

Dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri də heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Birinci vitse-prezident Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.

Ötən illər ərzində görülən işlərə də nəzər salsaq görərik ki, cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. Şəhid ailələri dövlət hesabına evlə təmin edilir (indiyədəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib). Şəhid ailələrinə birdəfəlik yardım göstərilir (hər ailəyə 11 min manat olmaqla).

2016-cı ilin Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı həmin vaxt aparılan işlərə diqqət yetirsək görərik ki, ölkədə vətəndaş amili hər zaman ön plandadır. 2 aprel 2016-cı il görüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər buna əyani misaldır. Bu gün Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin "Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı o zaman da işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırıldı. Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikildi, 8 ev bərpa olundu. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparıldı. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görüldü. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikildi, 15 ev tamamilə bərpa olundu, 27 ev əsaslı təmir edildi, 693 evdə cari təmir işləri görüldü. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirildi.

Bütün bunlar isə o deməkdir ki, Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Hər kəs bir daha vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövlətinin dayandığının şahidi olacaq.

GOYEZEN.AZ


Geri qayıt