Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "İlk çağırışda Vətənin
müdafiəsinə qalxan gənclər” mövzusunda onlayn videokonfrans keçirilib.
Videokonfransda
Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini
müvəqqəti icra edən Gülnar Quluyeva, Qazax RİH başçısı aparatında baş məsləhətçi Teybə Hüseynova, Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri, millət vəkili Səməd
Seyidov, deputatın köməkçisi Akif Əmirov, rayonda fəaliyyət göstərən Gənclər və
İdman İdarəsinin, "Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və
könüllüləri, Gənclərin Məşvərət şurasının üzvləri və fəal gənclər iştirak ediblər.
Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva videokonfransı
giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və
əhəmiyyətindən danışıb. G.Quluyeva Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz
rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid
olan igid Vətən oğullarına Allahdan rəhmət diləyib, yaralı hərbçilərimizə tez
bir zamanda sağalıb yenidən ordu sıralarına qayıtmağı arzulayıb. Tovuz
döyüşlərində həmyerlimiz Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan
oğlunun da qəhrəmancasına şəhid olduğunu diqqətə çatdıraraq bütün şəhidlərimizin,
eləcə də Namiq Əhmədovun əziz xatirəsinin daim yad olunacağını bir daha dilə
gətirib.
Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən
dövlət qayğısından söz açan G.Quluyeva iyulun 21-də Respublika Prezidenti İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai
rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin
təqdim olunmasını həmin qayğının daha bir bariz nümunəsi kimi göstərib. Qeyd
edib ki, dövlət tərəfindən təqdim olunan həmin binada şəhid ailələrinə və
ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun
müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verildi. Mənzillərin
42-si Qarabağ müharibəsi əlillərinə, 20-si isə şəhid ailələrinə təqdim olundu.
Ümumiyyətlə, bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və
müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən
olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin
ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub.
İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. 2018-ci
ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə
təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan
insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə
əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Bu dəfə verilən 50
avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim
olunub. Bütün bunlar bir daha onu
sübut edir ki, Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə diqqət və
qayğı hər zaman olub, bundan sonra da olacaq. G.Quluyeva qeyd edib ki, bu gün
ölkəmiz baxmayaraq ki, gözə görünən və görünməyən iki düşmənlə - koronavirusla
(COVID-19) və mənfur düşmənimiz olan ermənilərlə müarizə aparır, bununla yanaşı,
ayaqda durmağı da bacarır. Bu gün Azərbaycan güclü dövlət olaraq öz sözünü deyə
bilirsə, ölkədə yaşanan çətinliklərə rəğmən iqtisadiyyatı inkişaf edirsə,
sosial layihələri uğurla icra olunursa, bu, ölkə rəhbərinin yürütdüyü
məqsədyönlü siyasətin nəticəsidir. G.Quluyeva vurğulayıb ki, ölkə başçısının da
söylədiyi kimi, indi Azərbaycan o vaxtkı Azərbaycan deyil, indi ölkəmiz güclü
dövlətdir və xalq-iqtidar arasında olan həmrəylik, birlik bu gücü daha da
artırır. Tovuz hadisələrindən sonra minlərlə insanın Şəhidlər xiyabanına doğru Ordumuza
dəstək məqsədilə yürüş etməsi, Vətənin müdafiəsinə qalxması bir daha onu
göstərdi ki, Azərbaycan dövləti istənilən vaxt xalqına arxalana bilər. G.Quluyeva
həmin yürüş zamanı öz məkrli niyyətlərini işə salaraq təxribat törədərək
ölkəmizin, xalqın adına ləkə yaxmaq istəyən ünsirlərin əməllərindən də söz
açıb.
Qeyd edib ki, ürəyi Vətən eşqi ilə döyünən Azərbaycanın ağıllı gəncləri
bu dəfə də düşmənin məkrli niyyətlərini alt-üst etdilər. Bir daha sübut etdilər
ki, Azərbaycanda xalqla-dövlət, xalqla-ordu arasındakı birliyi hər hansı bir
şər qüvvə sarsıda bilməz. Azərbaycan gəncləri hər an yalnız və yalnız Ali Baş
Komandanın "İrəli!” əmrini gözləyir, bir tək ölkə başçısının çağırışlarına səs
verir. Necə ki, bunu öz əməlləri ilə göstərdilər. Minlərlə gənc məhz dövlət
başçısının çağırışından ruhlanaraq döyüşmək üçün yenidən ordu sıralarına
yazıldılar. Azərbaycanın digər dövlətlərdən olan fərqi də elə budur. Azərbaycan
güclü dövlət olub və bundan sonra da olacaq...
G.Quluyeva nəinki paytaxt Bakıda, eləcə də
respublikamızın əksər bölgələrində orduya dəstək məqsədilə təxribat xarakterli
yürüşlərin təşkil olunduğunu da diqqətə çatdırıb. Digər gənclərdən fərqli
olaraq qazaxlı gənclərin belə çətin anda əsl dəyanət, dözüm nümayiş
etdirdiklərini bildirib. Yalnız və yalnız Ali Baş Komandanın "İrəli!” əmri ilə
döyüşə hazır olduqlarını göstərdiklərini qeyd edib. Qazaxlı
gənclərin Birinci vitse-prezident Mehriban Əliyevanın "Hər birimizin borcu
Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də
kompüter qarşısında” çağırışını əldə rəhbər tutaraq düşmənə qarşı söz savaşına
qalxdıqlarını, Vətənin müdafiəsinə hər an hazır olduqlarını qeyd edib.
G.Quluyeva sonda bir daha gənclərə
ölkəmizdəki belə həssas bir vaxtda yayılan dezinformasiyalara birmənalı şəkildə
inanmamağı bildirib. Həqiqəti əks etdirməyən məlumatların paylaşılmasında,
xüsusilə də hərbi texnika və canlı qüvvələrimiz barədə olan məlumatlarda daha
diqqətli olmalarını bildirib. Bu cür məlumatların istər sosial şəbəkələrdə
paylaşılmasının, istərsə də telefonda danışılmasının düşmən kəşfiyyatı
tərəfindən ölkəmizə qarşı istifadə oluna biləcəyini diqqətə çatdırıb. "Bugünkü gəncliklə hər bir Azərbaycan vətəndaşı fəxr
edir”, - deyən G.Quluyeva gənclərə uğurlar arzulayıb.
Videokonfrans
iştirakçılarına səmimi salamlarını çatdıran millət
vəkili Səməd
Seyidov qeyd edib ki, bu gün özümə borc bildim ki, belə vacib tədbirdə iştirak
edim. S.Seyidov vurğulayıb ki, son günlər Tovuzda baş verənlər bir daha onu
göstərdi ki, bu, ermənilərin törətdiyi birinci provokasiyası deyil. Deputat Tovuz,
Ağstafa, Qazax istiqamətində baş vermiş hadisələrin ermənilərin düşündüyü kimi
getmədiyini, fikirləşdiyi kimi alınmadığını qeyd edib. Ən əsası da ermənilərin məkrli
niyyətlərini bütün dünyaya istədikləri formada çatdıra bilmədiklərini bildirib.
Bunun da başlıca səbəbi olaraq Azərbaycan dövlətinin gücünü, ölkə Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrinə hər an hazır olan Ordumuzun
qüdrətini göstərib. "Tovuzda baş vermiş hadisələr təkcə Ordumuzun gücünü deyil,
dövlət-xalq birliyini, həmrəyliyini də nümayiş etdirdi”, - deyən S.Seyidov bu
həmrəyliyin tarixi kökləri olduğunu bildirib. Təkcə paytaxtda yaşayan
vətəndaşların deyil, respublikamızın bütün bölgələrində, o cümlədən də Qazax,
Ağstafa, Tovuz rayonlarında yaşayan sakinlərin də əsl həmrəylik nümayiş
etdirdiklərini bir daha vurğulayıb.
S.Seyidov
qeyd edib ki, ölkə Prezidentinin də çıxışında söylədiyi kimi, "Ordumuzun
uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq
Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir
daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir.
Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ordumuzun düşmən
hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə
çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya
görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da
daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri
girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə
çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə
qısa müddət ərzində son qoyuldu”. S.Seyidov
bildirib ki, əsrlərdir davam edən xalq-iqtidar
arasında olan birliyi, həmrəyliyi hər hansı bir mənfi qüvvə poza bilməz. Çünki
Azərbaycanda xalq dövlətinə, dövlət də xalqına arxalanır.
Deputat S.Seyidov Amerika
Birləşmiş Ştatlarının rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən
işğal edilməsi faktını tanıdığını da diqqətə çatdırıb. ABŞ Konqresinin Qaydalar
Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət
səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişi səs çoxluğu ilə qəbul etməsini
Azərbaycanın dövlətinin növbəti uğuru kimi qiymətləndirib. Bu düzəlişin qəbul
olunmasının Azərbaycan torpaqlarının işğalı faktının tanınmasına, qaçqın və
məcburi köçkünlərin problemlərinin dünyada beynəlxalq hüquqi müstəvidə təşkil
olunmasına geniş imkanlar açacağını bildirib.
S.Seyidov qeyd edib ki,
Azərbaycan bu gün öz qüdrətini təkcə cəbhədə deyil, o cümlədən iqtisadiyyat,
məlumat, informasiya nöqteyi-nəzərdən bütün dünyaya sübut edir ki, bu gün də
bunun yüksək nəticələrini görürük. Artıq bir çox dövlətlər məhz Azərbaycanın
mövqeyini üstün tutur.
S.Seyidov
sonda bir daha vurğulayıb ki, bu gün Azərbaycanın gücü də, qüdrəti də, ordusu
da, sözü də, ən əsası da gəncliyin imkanı çatır ki, ölkəmizi ən yüksək səviyyədə
təmsil edək. Deputat bu yolda bütün gənclərə uğurlar arzulayıb.
Qazax
RİH başçısı aparatında baş məsləhətçi Teybə Hüseynova çıxış edərək qeyd edib
ki, Tovuz hadisələri və həmin döyüşlərdə torpaqlarımızın ərazi bütövlüyü naminə
igid oğullarımızın şəhid olması xəbəri istər Azərbaycanda yaşayan, istərsə də
ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı məyus etdi. Lakin bu
hadisə bizi sarsıtmadı və sarsıtmayacaq da... Çünki bizim düşünülmüş, uzaqgörən
siyasət yürüdən Prezidentimiz, Ali Baş Komandanımız və onun ətrafında sıx birləşməyi
bacaran, xalqımız, ordumuz var. Ölkə başçısı bütün çıxışlarında bizləri hər
zaman ruhlandırırsa, Ordumuzun gücünü və qüdrətini fəxrlə, şərəflə dilə gətirirsə,
bizlərin də ruhdan düşməyə haqqımız çatmır. Əksinə biz hər birimiz sözümüzlə, əməlimizlə,
atdığımız addımlarla ölkə rəhbərinin yanında olmalı və onun yürütdüyü siyasəti
bir nəfər kimi dəstəkləməliyik.
T.Hüseynova
vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın da söylədiyi kimi, "Biz
işğalçı dövlət deyilik, işğalçılarla mübarizə aparan dövlətik”. Ona görə də
mübarizə bizim ən böyük silahımız olmaldır. "Bu gün ermənilərin işğalçılıq
siyasətinin, məkrli niyyətlərinin, bəd əməllərinin dünyaya çatdırılmasında siz
gənclərin üzərinə böyük məsuliyyət düşür”, - deyən T.Hüseynova gəncləri sosial
şəbəkələrdə daha aktiv olmağa səsləyib. Ermənilərin iç üzünü göstərən həqiqətlərin
xarici dillərdə dünya ictimaiyyətinə çatdırılmasında fəal olmalarını, təkcə
döyüş meydanında deyil, söz meydanında da birlik nümayiş etdirmələrini tövsiyə
edib.
Deputat
köməkçisi Akif Əmirov çıxış edərək
Tovuz hadisələrindən, Ordumuzun qazandığı qələbədən, düşmənə vurulan sarsıdıcı
zərbədən danışıb. Azərbaycan gəncliyi olaraq hər zaman Ali Baş Komandan İlham
Əliyevin və ölkə başçısının "İrəli!” əmrini gözləyən Ordumuzun yanında
olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, bu gün biz gənclər fəxrlə söyləyirik
ki, ölkə başçısının da dediyi kimi, "Tovuzda olan bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti
şanlı qələbəmizdir”.
A.Əmirov gəncləri son günlər sosial şəbəkələrdə
yaradılmış saxta profillərə və həmin profillərdən edilən çağırışlara qarşı daha
diqqətli olmağa çağırıb. Hətta, mənfur düşmənimiz olan ermənilərin sosial şəbəkələrdə
saxta profil yaradaraq özlərini azərbaycanlı kimi qələmə verərək təxribatyönümlü
tədbirlərə çağırışlar etdiyi bir vaxtda ikiqat diqqətli olmağı tövsiyə edib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev
çıxış edərək təşkil olunan konfransı yüksək qiymətləndirib. Gənclər sahəsində fəaliyyət
göstərən bir qrum olaraq konfransda səslənən fikirlər barədə mütəmadi olaraq söhbətlər
aparıldığını bildirib. Hər zaman olduğu kimi, bundan sonra da dövlətin, dövlət
başçısının yanında olmağı bacaran gənclər ordusunun yetişməsi üçün böyük səylə
çalışacaqlarını qeyd edib.
Gənclərin
Məşvərət şurasının üzvlərindən Fəridə İsgəndərova, Ülvi Zeynalov, Səbinə
Camalova, Regional İnkişaf İctimai Birliyinin üzvü Vidadi Nuruyev çıxış edərək
konfransın əhəmiyyətindən söz açıblar. Gənclər olaraq ermənilər tərəfindən Tovuzda
baş verən hadisələri pislədiklərini, təxribat xarakterli tədbirlərdən uzaq
olduqlarını qeyd ediblər. Bu gün güclü, qüdrətli Azərbaycan dövlətinə və onu
layiqincə idarə edən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan
Ordusuna arxalandıqlarını dilə gətiriblər. Bu gün Azərbaycanda sağlam əqidəli,
düşüncəli gənclər ordusunun yetişdiyini və istənilən sahədə mübarizə aparmağa
qadir olduqlarını bildiriblər.
Qazax
RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini
müvəqqəti icra edən Gülnar Quluyeva videokonfransa yekun vuraraq bu cür görüşlərin
mütəmadi olaraq keçiriləcəyini qeyd edib və sonda gənclərə bir daha uğurlar
arzulayıb.
GOYEZEN.AZ
Geri qayıt
|