Əsas Səhifə > Manşet / Sosial > Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq
Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq18-07-2020, 18:10 |
Bu gün tam əminliklə söyləyə bilərik ki, gələcəyimiz olan uşaqlarla bağlı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasəti Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən ölkəmizdə uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinin uğurla icra olunması, dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramlarının qəbul edilməsi, respublikamızın bütün bölgələrində yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşa edilməsi bir daha sübut edir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Cənab Prezident İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə aparılan abadlıq və quruculuq işləri respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da geniş vüsət alıb. Bu gün böyük bir tikinti meydançasını xatırladan rayonda elə bir sahə olmaz ki, orada olan yeniliyin, aparılan tikinti və quruculuq işinin şahidi olmayasan. Diqqət çəkən məqamlardan biri isə odur ki, Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlamasının nəticəsidir ki, rayonda olan bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlərin sayı ildən-ilə artır. Rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Sevindirici haldır ki, ötən illərdə olduğu kimi, bu il də bağça tikintisi və ya əsaslı təmir olunması artan templə davam etdirilir. Rayonda təmirə ehtiyacı olan bağçalardan biri də Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır ki, artıq bu bağçada da əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə birlikdə həmin bağçada olub. Bağçanın boşaldılması və əsaslı şəkildə yenidən qurulması üçün görüləcək işlərlə bağlı tapşırıqlarını verib. Bağça müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulması xəbərini tərbiyəçilərin, valideynlərin, eləcə də uşaqların böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib. Bağçanın təmir olunmasına görə rəhbərlik etdiyi kollektiv adından ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib. Kənd ağsaqqalı, şair Cavanşir Rüstəmov da Kosalar kənd yolunun çəkilməsinə, məktəbin və kənddə yerləşən iki uşaq bağçasının yenidən qurulmasına görə sakinlər adından ölkə başçısına və rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb. Təmirə ehtiyacı olan bu bağçanın yenidən qurulmasını gələcəyimiz olan uşaqlarla yanaşı, Kosalar kənd sakinlərinə olan növbəti qayğı kimi dəyərləndirib. Bu gün Kosalar kəndinin rayonun ən abad kəndlərindən biri olduğunu qeyd edərək görülən işləri yüksək qiymətləndirib. Daha sonra rayon rəhbəri bağçanın qarşısında yerləşən 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının və kənd şəhidlərinin xatirəsini əbədiləşdirən abidələrə də baxış keçirib. Mövcud vəziyyətlə tanış olan icra başçısı bu abidələrdə görüləcək işlərlə bağlı tapşırıqlarını verib.
1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının və kənd şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr
GOYEZEN.AZ Geri qayıt |