Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda karantin qaydaları pozulan kafe aşkar olunub

Qazaxda karantin qaydaları pozulan kafe aşkar olunub


5-07-2020, 13:20

Respublika mətbuatı Qazax haqqında


Qazaxda koronavirusla ciddi mübarizə aparılır. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ayrı-ayrı mobil qrupların fəaliyyəti öz səmərəsini verməkdədir. Maska taxmayan, ara məsafəsi saxlamayan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görülməklə yanaşı, maarifləndirmə tədbirlərinə də üstünlük verilir. Reydlər zamanı sakinlərə maskalar paylanılır, profilaktik söhbətlər aparılır.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hələ pandemiya başlamazdan da əvvəl, yəni Qazaxda işə başladığı ilk günlərdən istənilən işlə yerində tanış olmaq, adamlarla onların yaşadıqları ünvanda söhbət etmək, vəziyyəti öyrənmək, başlıcası isə operativ tədbirlər görmək məqsədilə gün ərzində ən müxtəlif yerlərə baş çəkir. O, kabinetdə əyləşməyi sevən məmur deyil. Bunu Qazaxda hamı bilir. Artıq təcrübə göstərir ki, rayon rəhbərinin bu iş üsulu öz müsbət səmərəsini verir. Nəzarət, diqqət, qayğı və tələbkarlıq kimi amillər nəticəsində Qazaxda bir çox sahələrin işində əməlli-başlı dönüş yaranıb. Korrupsiya, rüşvətxorluq kimi cəmiyyətə zidd hallar aradan qaldırılıb. Bütün bunları bilə-bilə yenə işbazlar, bir sıra qadağalara əhəmiyyət verməyənlər də tapılır. Şəhərdə Tahir Novruzova məxsus bir "Sərin göl” adlı kafe var. Onun yiyəsi bilməli idi ki, Rəcəb Babaşov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri bütün günü şəhərdə, kənd və qəsəbələrdə adamlar arasındadırlar. Amma bunlara baxmayaraq, qazanc əldə etmək digər qadağalara üstün gəlib və kafe sahibi nişan məclisi keçirilməsini təşkil edib və 50 nəfərdən çox qonağa qulluq etməyə başlayıblar. Özü də heç bir qaydaya əməl olunmadan. Bir də onda ayılıblar ki, rayonun rəhbəri də, prokuroru, polisi də başlarının üstünü alıb. Bu da nəticəsi. Nişan mərasimində karantin rejimi qaydalarına əməl etmədiklərinə görə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq olunub. Kafe sahibi isə xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğuna görə, məhkəmə qarşısına çıxarılıb, digər şəxslərə isə xəbərdarlıq edilib.

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

5 iyul 2020-ci il


Geri qayıt