Bu gün Qazaxda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş
koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına
nəzarət məqsədilə rayon rəhbərliyinin və hüquq-mühafizə orqanları rəhbərlərinin
iştirakı ilə ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan
sahibkarlıq subyektlərində reydlər keçirilib.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon
Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin
direktoru Səadət Nazarovanın iştirakı ilə keçirilən reyd zamanı həmin obyektlərdə karantin rejiminin tələblərinə
hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olunub, obyektlərdə
pandemiya dövründə sanitar-gigiyenik qaydalara əməl edilməsi yoxlanılıb.
Keçirilən reydlər zamanı şəhərin Heydər Əliyev
prospektində yerləşən "Məkan” restoranında, Ə.Qədirov küçəsində yerləşən
"Laquna”, N.Nərimanov yaşayış massivində yerləşən "Lion çay evi”, "Yaşıl
çayxana”, "Çayxana”, N.Nərimanov parkında yerləşən "Sarı çayxana” adlı çayxanalarda, "Fəxri Qazaxlılar” parkında
yerləşən "Playstation” internet klubda məkan
sahibləri və vətəndaşlar tərəfindən
xüsusi karantin rejiminin
qaydalarının pozulduğu aşkar edilib. Sanitar-gigiyenik qaydalarına riayət etməyən
və xüsusi rejimi qaydasını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulan qaydada cərimə protokolu tətbiq edilib və aktlar tərtib olunub.Reyd
zamanı sanitar normaların ciddi şəkildə pozulduğu müşahidə olunan "Məkan” restoranının fəaliyyəti
dayandırılıb.
Bundan əlavə, sosial məsafə gözləməyən, tənəffüs yollarını qoruyan
fərdi vasitələrdən istifadə etməyən 9 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan
qaydada cərimə protokolu tətbiq edilib.
Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının
qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək şərtilə tənəffüs
yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməsi
vətəndaşların diqqətinə çatdırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə
xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena
qaydalarına ciddi şəkildə riayət edilməsi barədə göstərişlər verilib.
Hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli
gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud
sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna
çağırmalıdır.
"Məkan" restoranı
"Laquna" çay evi
GOYEZEN.AZ
Geri qayıt
|