Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət
və qayğısı sayəsində paytaxt Bakı ilə yanaşı, bölgələrimiz,
şəhər və rayonlarımız da günü-gündən müasirləşir, yeni görkəm alır. Dövlətin və
ölkə rəhbərinin qayğısı nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq
"Azərsu” ASC tərəfindən hazırda Qazax şəhərində içməli su və kanalizasiya sistemi yenidən
qurulur.
Təqdirəlayiq hal isə odur ki,
şəhərin su-kanalizasiya xəttinin çəkilişi başa çatdırılan küçələrində dərhal
asfaltlama işlərinə start verilir. Bunu su və
kanalizasiya xətlərinin çəkilişi başa çatan Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan
abadlıq işlərindən, yeni asfalt örtüyün döşənməsindən də əyani şəkildə görmək
olur.
Hər kəsə o da yaxşı məlumdur ki, su-kanalizasiya
sisteminin çəkilişlərinə başlanılan ilk gündən rayon rəhbərliyi bu sahəni
diqqət mərkəzində saxlayaraq istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa
çatan küçələrə baxış keçirir, görülən işlərin keyfiyyəti ilə daim yerində
maraqlanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov "Akkord Sənaye Tikinti
İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərovla birlikdə su-kanalizasiya
sisteminin çəkilişi başa çatan Azadlıq küçəsi 76-da yerləşən
üçmərtəbəli, 3 bloklu, 27 mənzilli yaşayış binasının həyətində görülən abadlıq
işləri ilə tanış olub. İcra başçısına bildirilib ki, binanın həyətinə
qum-çınqıl döşənərək hamarlanıb, səliqə-sahman yaradılıb. Bundan əlavə, blokların
girişinə beton tökülüb. Onu da qeyd edək ki, bina sakinlərinin müraciətini nəzərə
alaraq rayon rəhbərliyi tərəfindən artıq bu gündən bloklarda da təmir işlərinə
başlanılıb.
Sonra rayon rəhbəri yeni bardür düzülən Murtuz
Carçıyev küçəsində görülən işlərin mövcud vəziyyəti ilə də maraqlanıb.
Hər iki ərazidə görülən işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən
icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi
"Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı,
podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi
şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək
layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi
tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya
sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.
Azadlıq küçəsi 76 saylı bina
Murtuz Carçıyev küçəsi
GOYEZEN.AZ
Geri qayıt
|