Əsas Səhifə > Manşet / Rəsmi > Xaricdə qalan vətəndaşlarımız da hər zaman diqqətimizdədir və onların ölkəyə gəlməsi üçün bütün mümkün vasitələrdən istifadə edilir

Xaricdə qalan vətəndaşlarımız da hər zaman diqqətimizdədir və onların ölkəyə gəlməsi üçün bütün mümkün vasitələrdən istifadə edilir


11-06-2020, 22:59


İyunun 9-da Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı olub.

Açılış mərasimində dövlətimizin başçısı qeyd edib ki, "Xaricdə qalan vətəndaşlarımız da hər zaman diqqətimizdədir və onların ölkəyə gəlməsi üçün bütün mümkün vasitələrdən istifadə edilir”.

Pandemiya dövrü ilə əlaqədar bütün ölkələr arasında gediş-gəliş imkanlarının maksimum məhdudlaşdırılması zərurəti ortaya çıxşmışdır. O cümlədən bir çox xarici ölkələrdə qalan Azərbaycan vətəndaşları da ölkəyə qayıtmaq çətinlikləri ilə üzləşmişdir. Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün dövlətimiz tərəfindən bütün mümkün vasitələrdən istifadə edilir. Bunun üçün ilk növbədə xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün xüsusi portal yaradılıb. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Ölkə rəhbərinin də söylədiyi kimi, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə.

Ölkə başçısı çıxışı zamanı qeyd edib ki, "Karantində qalanlara hər cür şərait yaradılır. Dövlət bunun üçün bütün imkanlardan maksimum istifadə edir. Hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Minlərlə  xaricdən təxliyə edilən azərbaycanlı 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülür”.

Ölkəyə qayıdan vətəndaşlar müsahibələrində getdikləri ölkələrdə Azərbaycanda mövcud olan bu cür şəraitin olmamasını qeyd edirlər. Məhz bunlara əsasən qətiyyətlə qeyd etmək olar ki, Azərbaycan koronavirus pandemiyasına qarşı hətta inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır. Bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. Əhalisi bizimlə təxminən eyni olan Avropa ölkələrində on minə yaxın insan ölüb. Bizdə isə yoluxanların sayı 8 minə qədərdir. Ona görə ki, hər bir yoluxmuş insana ən yüksək səviyyədə zəruri tibbi xidmət göstərilir.

 

Ölkə başçısı pandemiya dövründə ölkəmizdə baş tutan beynəlxalq səviyyəli videokonfranslardan da söhbət açıb. Qeyd edib ki, "Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təklifləri diqqətə alınır. İndiyə qədər bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə videokonfrans formatında bir neçə beynəlxalq tədbirlər keçirilib. Eyni zamanda, biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar”.

Dövlət başçısı vurğulayıb ki, "Bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib”.

GOYEZEN.AZ


Geri qayıt