Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi başa çatan küçələrdə olub

İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi başa çatan küçələrdə olub


10-06-2020, 22:43


Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. Lazımi texnika və avadanlıqlarla, mal-material ehtiyatları ilə təmin edilən küçələrdə su-kanalizasiya xətlərinin çəkilişi paralel olaraq aparılır.

Onu da qeyd edək ki, su-kanalizasiya sisteminin çəkilişlərinə start verilən ilk gündən rayon rəhbərliyi bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbəri istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa çatan küçələrə yerində baxış keçirir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa çatan Fərrux Ağa Qayıbov döngə 1, Şah İsmayıl Xətai küçələrində və Ağköynək kəndində olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə bildirilib ki, çəkilişlə yanaşı, küçələrdə səliqə-sahman da yaradılır. Belə ki, çəkiliş yekunlaşan küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişini təmin etmək məqsədilə küçələrə şeben tökülərək hamarlanır.

Görülən işlərlə tanış olan icra başçısı çəkiliş zamanı qazıntı işlərinin texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməsinə, qazıntı işləri zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici nişanların, kanalizasiya borularına qapaqların qoyulmasına, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalmasına, köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə ciddi nəzarət olunmasını da qeyd edib.

Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Fərrux Ağa Qayıbov küçəsi döngə 1


 Şah İsmayıl Xətai küçəsi





GOYEZEN.AZ


Geri qayıt